Menyu

Borclunun xarici valyutadakı pulu necə tutulur? – Qaydalar

Xəbərlər redaksiyası
Borclunun xarici valyutadakı pulu necə tutulur? – Qaydalar
1 dəq oxu

Borclunun xarici valyutada olan pul vəsaitləri icra zamanı müəyyən qaydada satılaraq manatla tələbkarın borcunun ödənilməsinə yönəldilir. Bu prosesdə icra məmurunun, bankların və digər kredit təşkilatlarının üzərinə konkret öhdəliklər qoyulur.

Operativ Media xəbər verir ki, borcludan götürülmüş xarici valyutada olan nağd pul icra məmuru tərəfindən bir gün müddətində satılmaq üçün Azərbaycanda xarici valyuta satmaq hüququ olan banka və ya digər kredit təşkilatına təqdim edilir.

Borclunun belə banklarda və kredit təşkilatlarında olan hesab və əmanətlərindəki, eləcə də saxlancda saxlanılan xarici valyuta vəsaitlərinə də həbs qoyulur. İcra məmuru öz qərarı ilə həmin vəsaitlərin borcun və icra ilə bağlı xərclərin ödənilməsi üçün zəruri olan həcmdə satışını banka həvalə edir.

Xarici valyuta satmaq hüququ olmayan banklarda, digər kredit təşkilatlarında və elektron pul təşkilatlarında saxlanılan vəsaitlər də bu qaydadan kənarda qalmır. Belə hallarda icra məmuru həmin pulun xarici valyuta satmaq hüququ olan banka və ya digər kredit təşkilatına köçürülməsini tələb edir.

Bank və ya digər kredit təşkilatı icra məmurunun bu barədə qərarını aldığı vaxtdan yeddi gün ərzində yerinə yetirməlidir.

Xarici valyutanın satışından əldə olunan manat vəsaiti qanunla müəyyən edilmiş qaydada bölüşdürülür. Borcun məbləği tələbkarın hesabına, icra ödənişi dövlət büdcəsinə və ədliyyə orqanlarının xüsusi xəzinə hesabına, icra hərəkətləri ilə bağlı xərclər isə icra xidmətinin depozit hesabına köçürülür.

Əgər tələbkar icra sənədi üzrə tutulmuş məbləği şəxsən almaq istəyən fiziki şəxsdirsə, həmin pul icra xidmətinin depozit hesabına köçürülür.

Eyni zamanda, icra məmurunun xarici valyutada olan pul vəsaitləri ilə bağlı qərarlarından narazı qalan tərəflər qərarın surətini aldıqdan sonra üç gün ərzində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Əlaqəli Xəbərlər