Qavi: Düşünürəm ki, mentalitetim unikaldır
"Barselona"nın yarımmüdafiəçisi Qavi futbolçunun uğur qazanmasında mentalitetin texniki bacarıqlardan və fərdi keyfiyyətlərdən daha böyük rol oynaya biləcəyini bildirib.
Operativ Media xəbər verir ki, ispaniyalı futbolçu bu fikirləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Sabah"a qarşı keçirilən və Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra səsləndirib.
Qavi hesab edir ki, futbolçunun özünəinam qazanmasında müntəzəm oyun praktikasının əhəmiyyəti böyük olsa da, ona yaradılan imkanlardan yararlanmaq üçün ilk növbədə düzgün psixoloji hazırlıq lazımdır.
"Düşünürəm ki, futbolçunun mentaliteti onun keyfiyyətlərindən və digər bacarıqlarından demək olar ki, daha vacibdir. Belə oyunlarda iştirak etmək üçün düzgün mentalitetə sahib olmaq lazımdır. Mən buna inanıram. İmkan qazandığın qarşılaşmalara düzgün düşüncə ilə çıxanda hər şey yaxşı alınır", – deyə o bildirib.
İspaniyalı yarımmüdafiəçi öz mentalitetini fərqləndirərək bu xüsusiyyətinin formalaşmasında keçirdiyi çətin dövrlərin rolunu qeyd edib.
"Düşünürəm ki, mentalitetim unikaldır. Bunu özüm deməyim təvazökarlıqdan uzaq görünə bilər, amma həqiqət budur. Özüm buna inanmasam, kim inanacaq?" – Qavi vurğulayıb.
O, ciddi zədələrdən sonra yenidən mübarizəyə qayıtmasının, eləcə də “La Masia” akademiyasındakı ilk illərində üzləşdiyi çətinliklərin xarakterinin formalaşmasına təsir etdiyini deyib. Futbolçu bu prosesdə ailəsinin dəstəyinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
"Ciddi zədələrimə və əvvəllər "La Masia"ya gəldiyim zaman yaşadığım çətin illərə baxmayaraq, ailəmin dəstəyi ilə bütün problemlərin öhdəsindən gəlməyi və özümə inanmağı bacarmışam", – deyə o əlavə edib.
Qavi hazırda komandada oyun vaxtının əvvəlki dövrlə müqayisədə azalmasına da münasibət bildirib. O, rəqabətin böyük klubların ayrılmaz hissəsi olduğunu söyləyib.
"Komandada hər bir futbolçu vacibdir və öz rolunu bilməlidir. Daha çox və ya az oynamağımdan asılı olmayaraq, özümü komanda üçün əhəmiyyətli hesab edirəm. Əsas məsələ hər kəsin üzərinə düşən vəzifəni anlaması və komandasına dəstək olmasıdır", – yarımmüdafiəçi qeyd edib.
O, baş məşqçinin qərarlarına hörmətlə yanaşdığını da vurğulayıb:
"Komandada rəqabət var. Ən yaxşı klubda çıxış edəndə belə hallar normaldır. Hamı yaxşı futbolçudur. Baş məşqçi oyunçulara şans verir və uyğun zamanı özü müəyyənləşdirir. Qərarı verən də odur".
"Bunu hər zaman demişəm: heç vaxt ulduz olmamışam. Mən komanda oyunçusuyam və böyük kollektivin üzvüyəm. Komandanın mənə ehtiyacı olanda hər zaman hazır olacağam", – deyə Qavi bildirib.
İspaniyalı futbolçu "Barselona"nın əsas komandasında debüt edən 18 yaşlı Alekss Kamposun çıxışını da yüksək qiymətləndirib. O, gənc oyunçunun təzyiq altında yaxşı təsir bağışladığını və meydanda özünü inamlı apardığını söyləyib.
"Alekss Kamposun bugünkü performansını çox bəyəndim. Onun adına sevinirəm. Belə gənc yaşda ‘Barselona’nın əsas komandasında oynamaq asan deyil. Onu çox yaxşı gördüm. Bu cür oyunlarda iştirak etmək üçün düzgün mentalitetə sahibdir və heç bir həyəcan hiss etdirmədi. Ümid edirəm ki, eyni əzmlə çalışmağa davam edəcək", – Qavi fikirlərini yekunlaşdırıb.