Təhlükəli mallar mağazalardan yığışdırılacaq – Hansı qurum nəzarət edəcək?
İnsanların həyatı və sağlamlığı üçün təhlükə yaradan, texniki tələblərə cavab verməyən mallar istehlak bazarından geri çağırıla, satışdan çıxarıla və hətta məhv edilə bilər.
Operativ Media xəbər verir ki, belə məhsullara nəzarəti həyata keçirən qurum və görüləcək tədbirlərin qaydası da müəyyən edilib.
Belə ki, istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.
Bu nəzarət tədbirlərinin hansı qaydada aparılacağını Nazirlər Kabineti müəyyən edir. İstehsal prosesində isə məhsulların texniki reqlamentlərin tələblərinə uyğunluğuna akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar nəzarət edirlər.
Texniki reqlamentlərdə malların istehsalı, terminologiyası, istifadə olunan simvolları, qablaşdırılması və etiketlənməsi ilə bağlı məcburi tələblər müəyyən edilə bilər.
Həmçinin məhsulların istismarı, saxlanması, daşınması, satışı, məhv edilməsi və utilizasiyası qaydaları da bu tələblərə daxil ola bilər. Malların dizaynı və xarici görünüşü isə həmin məcburi tələblərin əhatəsinə daxil edilmir.
İnsanların həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən, texniki tənzimləmənin şamil olunduğu mallarla bağlı daha ciddi tədbirlər görülə bilər. Belə məhsullar bazardan geri çağırıla, dövriyyədən çıxarıla və götürülə bilər. Zərurət yarandıqda onların daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi də Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.