Sevinc Fədai: Təhsilin keyfiyyəti yalnız imtahan nəticələri ilə ölçülməməlidir
Təhsilin keyfiyyətini yalnız qəbul imtahanlarında toplanan ballarla ölçmək doğru yanaşma deyil. Yüksək bal hər zaman dərin bilik, analitik təfəkkür, yaradıcılıq və real həyatda qərarvermə bacarığının göstəricisi olmur.
Operativ Media xəbər verir ki, bunu “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Fədai bildirib.
O qeyd edib ki, imtahan sisteminin əsas vəzifəsi yalnız şagirdləri sıralamaq deyil, onların potensialını, biliklərini və gələcək inkişaf imkanlarını obyektiv qiymətləndirmək olmalıdır.
Sevinc Fədainin sözlərinə görə, test nəticələri ilə yanaşı, yazılı və şifahi nitq, məntiqi düşünmə, problem həll etmə, araşdırma və bilikləri praktikada tətbiq etmək bacarıqları da qiymətləndirilməlidir.
O, hazırkı yanaşmanın yaratdığı problemlərdən birinin məktəbin əsas təhsil məkanı olmaq funksiyasının müəyyən qədər zəifləməsi olduğunu vurğulayıb.
“Şagirdin məktəbdə qazandığı biliklərlə qəbul imtahanında tələb olunan biliklər arasında fərq yarandıqda, repetitor hazırlığı bir çox ailələr üçün zərurətə çevrilir. Bu isə təhsil imkanlarının sosial və iqtisadi vəziyyətdən asılılığını artırır. Halbuki keyfiyyətli təhsil hər bir uşağın bərabər hüququ olmalıdır. Ailənin maddi imkanları uşağın gələcək təhsil perspektivini müəyyənləşdirməməlidir”, – o bildirib.
İctimai Birliyin sədri fundamental fənlərin dərindən mənimsənilməsinin də vacibliyini vurğulayıb. Onun fikrincə, uşaqlara yalnız düzgün cavabı tapmaq deyil, həmin cavaba necə gəldiklərini izah etmək də öyrədilməlidir.
“Elm, innovasiya və inkişaf əzbərlənmiş məlumatlarla yox, sual verməyi, düşünməyi və yeni həll yolları tapmağı bacaran beyinlərlə mümkün olur. Bu gün ali məktəbə qəbul imtahanında yüksək bal toplamış bir çox gənc bunu edə bilmir, təəssüf ki...”, – Sevinc Fədai qeyd edib.
O, eyni zamanda, Dövlət İmtahan Mərkəzinin illər ərzində formalaşdırdığı şəffaf və mərkəzləşdirilmiş qəbul mexanizminin əhəmiyyətini vurğulayıb. Bildirib ki, məqsəd mövcud sistemin nailiyyətlərini inkar etmək deyil, onu zamanın və təhsilin dəyişən tələblərinə uyğun yeni qiymətləndirmə yanaşmaları ilə zənginləşdirməkdir.
Sevinc Fədai hesab edir ki, gələcəyin təhsil sistemi uşaqları imtahana deyil, həyata hazırlamalıdır. Universitetə qəbul üçün yüksək nəticə göstərməyin vacib olduğunu deyən o, ali təhsildən sonra cəmiyyətə fayda vermək, öz sahəsində yenilik yaratmaq, müstəqil düşünmək və məsuliyyətli qərarlar qəbul etməyin daha böyük bacarıqlar tələb etdiyini vurğulayıb.
“Bizim əsas hədəfimiz yüksək bal toplayan abituriyentlərin sayını artırmaqla məhdudlaşmamalıdır. Biz düşünən, yaradan, araşdıran, öz potensialını reallaşdıra bilən gənclər yetişdirməliyik. Çünki ölkənin gələcəyini yalnız imtahan nəticələri yox, həmin nəticələrin arxasında dayanan bilik, düşüncə və insan kapitalı müəyyən edir. Mən bu qənaətə həm də layihələrimizdə iştirak edən gəncləri müşahidə edərək gəlmişəm”, – deyə o əlavə edib.
