Bakıda “Səhiyyə Menecmenti Forumu 2026”nın ilk günü uğurla başa çatıb
Ölkəmizdə səhiyyə və xəstəxana idarəetməsi sahəsində ixtisaslaşmış ilk platforma olan “Səhiyyə Menecmenti Forumu 2026” dünən - 26 noyabr tarixində uğurla yekunlaşıb.
Operativ Media xəbər verir ki, “Facemark” və “From Science to Health” şirkətlərinin birgə təşkilatçılığı, TƏBİB-in strateji tərəfdaşlığı ilə “The Ritz-Carlton Baku” otelində baş tutan tədbir sektorun aparıcı rəhbərlərini, tibb müəssisələrinin idarəedicilərini, həkimləri və qərarvericiləri bir araya gətirib.
“İdarəetmənin anatomiyası” konsept mesajı altında keçirilən forumda səhiyyə sistemində müasir idarəetmə modelləri, insan kapitalının inkişafı, texnoloji transformasiya və pasiyent yönümlü xidmət standartları ətrafında geniş müzakirələr aparılıb. 500 nəfərlik əsas zalda təşkil olunan panel müzakirələrində dövlət və özəl tibb müəssisələrinin nümayəndələri səhiyyə menecmentində səmərəliliyin artırılması, maliyyə dayanıqlığı və innovativ yanaşmaların tətbiqi ilə bağlı təcrübələrini bölüşüblər.
Xəstəxana idarəçiliyində keyfiyyətə nəzarət, rəqəmsal səhiyyə həlləri və komanda liderliyi mövzularında aparılan interaktiv müzakirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycanda səhiyyə sektorunda menecment mədəniyyətinin gücləndirilməsi və beynəlxalq standartların tətbiqinə mühüm töhfə verən “Səhiyyə Menecmenti Forumu 2026” gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaradaraq öz işini tamamlayıb.