Ali təhsildə qəbul asanlaşdırılmalı, məzuniyyət şərtləri çətinləşdirilməlidir - TƏKLİF
Azərbaycanda ali təhsilə qəbul prosesində tətbiq olunan mərkəzləşdirilmiş qiymətləndirmə sistemi ölkəmizdə şəffaflığın, ədalətin və obyektivliyin təmin olunmasında müstəsna rol oynayıb və bu gün də cəmiyyətin yüksək etimadına malikdir.
Bu sözləri Operativ Media-ya fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
O bildirib ki, son illərdə qiymətləndirmə sahəsində tətbiq edilən yeni yanaşmalar, xüsusilə kurikulum standartlarına uyğun açıq tipli və situasiya əsaslı tapşırıqların artırılması imtahanların keyfiyyətini xeyli yüksəldib:
“Bununla belə, fikrimcə, abituriyentlər arasındakı kəskin rəqabət və yüksək bal toplamaq yarışı cəmiyyətdə bütün diqqətin yalnız qəbul mərhələsinə fokuslanmasına gətirib çıxarıb. Nəticədə təhsil sistemimizdə maraqlı bir təzad yaranıb. Bizdə universitetə qəbul olmaq kifayət qədər çətin və gərgin bir proses olduğu halda, qəbul olduqdan sonra oxuyub məzun olmaq həqiqətən də asandır və bu, danılmaz bir faktdır. Qənaətimcə, ali məktəbə daxil olan tələbələrin demək olar ki, hamısının sonda diplom alması universitetdaxili akademik tələbkarlığın hələ də istənilən səviyyədə olmamasından irəli gəlir.
Dünyanın aparıcı təhsil sistemlərinə nəzər saldıqda isə tamamilə fərqli bir tarazlığın qurulduğunu görürük. Məsələn, Avropa ölkələrində (xüsusilə Almaniya, Niderland və Skandinaviya universitetlərində) və Şimali Amerikada ali təhsilə əlçatanlıq xeyli genişdir və qəbul mərhələsi gənclər üçün ağır psixoloji baryerə çevrilmir. Lakin tədris başladıqdan sonra ciddi akademik süzgəc işə düşür. Tələbələrdən yüksək intizam, müstəqil tədqiqat bacarığı və dərin ixtisas biliyi tələb olunur. Nəticədə, xarici universitetlərə qəbul olan tələbələrin heç də hamısı məzun ola bilmir, yalnız həqiqi akademik göstəriciləri və səriştəsi beynəlxalq standartlara cavab verən az bir qismi diplom almağa haqq qazanır. Bu yanaşma əmək bazarına yalnız rəqabətqabiliyyətli və peşəkar kadrların çıxmasını təmin edir.
Düşünürəm ki, mövcud vəziyyətdə qiymətləndirmə mexanizminin ləğvindən deyil, əksinə, əldə olunmuş uğurlu təcrübə üzərində qəbul və tədris modelinin daha da təkmilləşdirilməsindən danışmaq lazımdır. İnanıram ki, son illərdə başlanan yeni qiymətləndirmə yanaşmaları daha da dərinləşdirilməli, imtahanlar abituriyentin analitik təfəkkürünü və məntiqi mühakimə qabiliyyətini ölçməyə daha çox yönəlməlidir. Eyni zamanda, beynəlxalq təcrübədə olduğu kimi, əsas akademik yük tədricən qəbul imtahanlarından universitet daxilindəki tədris prosesinə ötürülməlidir.
Hesab edirəm ki, universitetlərə qəbul imkanlarını bir qədər genişləndirib, ali məktəblərdə tədris və diplomvermə meyarlarını sərtləşdirməklə biz həm abituriyentlərin üzərindəki gərginliyi azalda, həm də ali təhsil diplomunun real dəyərini və keyfiyyətini yüksəldə bilərik”.
