İmtahan yükü şagirdləri öyrənməkdən soyudur - Zaur İbrahimli
Azərbaycanda təhsil sisteminin müasir çağırışlara uyğunlaşdırılması, imtahan yükünün azaldılması və şagirdlərdə düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində islahatlara ehtiyac var.
Operativ Media xəbər verir ki, bu barədə AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib.
O qeyd edib ki, son dövrlərdə süni intellektin sürətli inkişafı, təhsilə təsiri, mövcud qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və gələcək islahat istiqamətləri daha geniş müzakirə olunur.
Zaur İbrahimli Azərbaycanın milli imtahan sisteminin əldə etdiyi nailiyyətləri vurğulayaraq bildirib ki, Dövlət İmtahan Mərkəzi ictimai etimada malik, texnoloji baxımdan qabaqcıl sistem formalaşdırıb və zamanla yeniliklər tətbiq edib.
Onun sözlərinə görə, bu inkişaf test texnologiyasının təkmilləşməsinə səbəb olsa da, nəticədə imtahan industriyası da formalaşıb, repetitorluq və hazırlıq xidmətləri geniş sektora çevrilib.
“Bu nöqtəyə qədər bu sistem effektivliyini qoruya bilirdi, indi isə artıq səmərəliliyi artmır. Çünki artıq texniki təkmilləşdirmə ilə nəticələri yaxşılaşdırmaq, yeni səhifə açmaq, yeniliklərlə ayaqlaşmaq, irəli getmək, keyfiyyəti artırmaq olmur”, – deyə o bildirib.
Zaur İbrahimli hesab edir ki, imtahan sisteminin mövcud yanaşma ilə daha da təkmilləşdirilməsi şagirdlərin stressini, valideynlərin isə maliyyə yükünü artırmaqla nəticələnə bilər. Onun fikrincə, bu yanaşma şagirdlərin “imtahan üçün” öyrənmək düşüncəsini dəyişmir və düşünməyi öyrətmir.
“Daha şagirdlərin test suallarını yaxşı cavablandırmaq texnologiyasını mənimsəməyə məcbur edən yanaşmanın dəyişməsinə ehtiyac var. İmtahanların çox olması da məhz şagirdlərin test texnologiyasını yaxşı mənimsəməsinə hesablanıb. Bu bilik artırırmı? Bu suala indi heç kim əminliklə müsbət cavab verə bilməz. Bu daha çox test yazmaq bacarığını artırır. Bu fikirlə isə çox adam razılaşar. Biz bilik verməliyik, yoxsa test texnologiyası səriştəsi? Hazırda zamanın bizlərə verdiyi əsas sual budur”, – deyə o vurğulayıb.
İdarə Heyətinin üzvü bildirib ki, imtahanların və sınaqların çoxluğu, sualların mürəkkəbləşdirilməsi son illərdə ciddi irəliləyişə səbəb olmayıb. Əksinə, imtahana hazırlıq xərcləri artır, məktəblərdə sınaqların sayı çoxalır, XI sinif şagirdləri eyni fənlər üzrə həm buraxılış, həm də qəbul imtahanlarında iştirak edirlər.
O hesab edir ki, bu proses şagirdlərin vaxtını, enerjisini və resurslarını səmərəsiz istifadə etməsinə səbəb olur, onları daimi stress altında saxlayır, təhsili yaradıcı prosesdən çıxararaq əzbərləmə və test həll etmə yarışına çevirir.
Zaur İbrahimli dünya təcrübəsində kompleks qiymətləndirmə yanaşmalarının tətbiq olunduğunu, düşünmə bacarıqlarının ön plana çəkildiyini qeyd edərək, bu istiqamətdə islahatların Azərbaycanda da aktuallıq daşıdığını bildirib.
Onun fikrincə, imtahan sistemi şəffaflıq və obyektivlik prinsiplərini qorumaqla daha az imtahan, daha az stress və şagirdlərə düşünməyi öyrədən yanaşma istiqamətində inkişaf etdirilməlidir.