Türkiyənin Rizə vilayətinə PUA düşüb
Türkiyənin Rizə vilayətində pilotsuz uçuş aparatının (PUA) düşərək partlaması nəticəsində dörd yaşayış evinin pəncərələrinin şüşələri sınıb.
Operativ Media xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Hadisə gecə saat 01:30 radələrində Çayeli rayonunun Körpübaşı kəndində baş verib. Yerli sakinlər uçuş aparatına bənzər obyektin pərvanə səsini eşidiblər. PUA yaşayış olmayan əraziyə düşdükdən sonra partlayıb və bu, kənd sakinləri arasında təşvişə səbəb olub.
Hadisə zamanı xəsarət alan olmayıb. Sakinlər baş verənlərlə bağlı jandarmaya məlumat veriblər. Ərazidə aparata aid qanad və gövdə qalıqları aşkarlanaraq ekspertizaya göndərilib.
Bundan əlavə, partlayışın baş verdiyi təxminən 70 kvadratmetrlik ərazi mütəxəssis-istehkamçılar tərəfindən yoxlanılıb. Yoxlamanın məqsədi ərazidə partlamamış hər hansı partlayıcı qurğunun olub-olmadığını müəyyənləşdirmək olub.