Leobank bəzi əməliyyatlar üzrə komissiya tətbiq edəcək
Leobank 2027-ci il yanvarın 1-dən və 15-dən etibarən bəzi bank əməliyyatları üzrə tariflərdə dəyişiklik edəcək.
Operativ Media xəbər verir ki, yanvarın 1-dən Leobank qara kartından Azərbaycanın digər banklarının kartlarına şəxsi vəsaitlərin fərdi aylıq limitdən artıq köçürülməsi zamanı minimum 1 manat komissiya tutulacaq.
Komissiya limitdən artıq köçürülən məbləğin 1%-i təşkil edəcək. Məsələn, limitdən artıq 50 manat köçürmə zamanı 0,50 manat deyil, 1 manat komissiya tətbiq olunacaq.
Aylıq limit daxilində şəxsi vəsaitlərin köçürülməsi isə əvvəlki kimi ödənişsiz qalacaq. İstifadəçilər limitlərini Leobank tətbiqində kartın “Limitlər” bölməsindən yoxlaya bilərlər.
Bundan başqa, yanvarın 15-dən MilliÖn terminalları və M10 pul kisəsi vasitəsilə Leobank kartlarının artırılması zamanı məbləğin 0,5%-i həcmində komissiya tutulacaq.
Qeyd edək ki, digər tariflərdə dəyişiklik nəzərdə tutulmayıb.