Qətər və Rusiya Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edib
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində birgə səyləri müzakirə edib.
Operativ Media TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlığın gücləndirilməsi və regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Danışıqlarda xüsusilə gərginliyin azaldılması, eləcə də Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün birgə fəaliyyətin əlaqələndirilməsinə diqqət yetirilib.
Qətər Xarici İşlər Nazirliyi regionda davamlı sülhün təmin olunması, naviqasiya azadlığının qorunması və hərtərəfli razılaşmanın əldə edilməsinə yönələn diplomatik səyləri dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 24-də Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid bin Məhəmməd Al Ənsari ABŞ və İran arasında vasitəçilik əlaqələrinin davam etdiyini açıqlayıb. Bildirilib ki, Hörmüz boğazında naviqasiya azadlığı da danışıqların gündəliyinə daxil edilib. Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, hazırda boğazın sularında təxminən 200 kommersiya gəmisi hərəkət edə bilmir.