Azərbaycan xalqının cəlladı Şaumyanın silahdaşının lövhəsi niyə hələ də Bakıda nümayiş etdirilir?
Bakının Səbail rayonunun mərkəzi küçələrindən birində, düz uşaq bağçasının yanındakı divarda tarixi absurd yaşanır.
Operativ Media xəbər verir ki, hər gün azyaşlı körpələrin önündən keçdiyi o binada 1918-ci il Mart soyqırımının fəal iştirakçısı, Şaumyanın qanlı dəstəsinin üzvü Məmməd Məmmədyarovun xatirə lövhəsi asılıb.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla 31 Mart hadisələri rəsmi olaraq Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi tanınıb. Bəs necə olur ki, bu soyqırımını törədənlərdən birinin adı hələ də paytaxtın mərkəzində əbədiləşdirilir?
Öz xalqına güllə atan “qəhrəman”
1875-ci ildə Bakıda doğulan Məmmədyarov 1917-ci ildə Bakı Sovetinin deputatı olub. Leninin əmri ilə şəhərdə hakimiyyəti zəbt edən erməni daşnak-bolşevik lideri Stepan Şaumyanın dəstəsinə qoşulan bu şəxs 1918-ci ilin martında öz xalqına qarşı silah çəkib.
Bunu gizlətməyə ehtiyac da yoxdur — sovet tarixşünaslığının özü Məmmədyarovun qanlı əməllərini faktlarla təsdiqləyir. 1958-ci ildə nəşr olunan “Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübarizlər” kitabında açıq şəkildə yazılır:
“1918-ci il martında Bakıda gənc Sovet hakimiyyəti ilə qiyam qaldırmış müsavatçılar arasında həlledici vuruşma başlandıqda Məmmədyarov Qızıl qvardiya dəstələrindən birinə başçılıq edərək silah götürüb düşmənlə vuruşurdu”.
Sovet mənbələrinin “düşmən” adlandırdığı tərəf isə çar Rusiyasının süqutundan sonra azadlıq və müstəqillik istəyən Azərbaycan xalqı idi.
“İsmailiyyə”ni yandıranların ön sırasında
Həmin il çap olunan “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabında isə Məmmədyarovun Mikoyan, Martikyan və Korqanov kimi cəlladlarla bir cərgədə dayandığı qeyd edilir:
“Müsavatçılarla vuruşmalarda A. İ. Mikoyanın və M. Məmmədyarovun Qızıl qvardiya dəstələri xüsusilə fərqlənmişdi. Bu dəstələr “İsmailiyyə” binasında yerləşən ştaba, habelə müsavatçıların səngər etdikləri İçərişəhərə hücum edirdilər”.
Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi, “Cəmiyyəti-Xeyriyyə”nin yerləşdiyi və milli oyanışın mərkəzi olan “İsmailiyyə” binası təsadüfən hədəf seçilməmişdi. Şaumyanın “Siz müstəqil Azərbaycan istəyirsinizsə, biz sizə xarabazar verəcəyik” təhdidini reallaşdıranların önündə məhz Məmmədyarov gedirdi.
Türk ordusuna qarşı döyüş
Məmmədyarov xəyanətini özü də etiraf edib. O, “Bolşevik iradəsi” adlı xatirələrində Bakını xilas etməyə gələn Qafqaz İslam Ordusuna qarşı Korqanovun komandanlığı altında Kürdəmir cəbhəsində döyüşdüyünü fəxrlə yazıb.
Xalqın yaddaşı isə bu xəyanəti unutmamışdı. 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra Məmmədyarov həbs olunaraq əvvəl Bakı, sonra Gəncə həbsxanasına salınıb. O, öz xatirələrində də Bakının xilaskarlarından olan Mürsəl paşa tərəfindən şəxsən cəzalandırıldığını etiraf edir.
Xəyanətin “mükafatı” və bu günün sualı Gəncə həbsxanasından qaçmağı bacaran Məmmədyarov gizli fəaliyyətini davam etdirib və 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra bolşeviklər tərəfindən “mükafatlandırılıb”. O, 1922–1927-ci illərdə Azərbaycan SSR-in xalq ictimai təminat komissarı postunu tutub. 1933-cü ildə öləndən sonra isə Birinci Fəxri Xiyabanda dəfn edildiyi bildirilir.
Bu gün ortada çox ciddi və kəskin bir sual var:
Bakının mərkəzində, uşaq bağçasının bir addımlığında xalqına divan tutan bir bolşevik cəlladının xatirə lövhəsi nə gəzir? Azyaşlı uşaqların hər gün önündən keçdiyi divarda Şaumyanın silahdaşına “ehtiram” göstərilməsi həm tarixi ədalətə, həm də şəhidlərimizin ruhuna açıq hörmətsizlikdir.