Menyu

Şirkət rəhbərlərinin cinayətinə görə kimlər cəzalandırıla bilər?

Operativ Media
Şirkət rəhbərlərinin cinayətinə görə kimlər cəzalandırıla bilər?
1 dəq oxu

Hüquqi şəxsin maraqları naminə törədilən bəzi cinayətlərə görə təkcə həmin əməli törədən fiziki şəxslər deyil, təmsil etdikləri şirkət və ya digər hüquqi şəxs də cinayət-hüquqi tədbirlərlə üzləşə bilər.

Operativ Media xəbər verir ki, qanunvericilik bu tədbirlərin hansı hallarda tətbiq ediləcəyini müəyyən edir.

Belə ki, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər onun xeyrinə və ya maraqlarının qorunması üçün müəyyən vəzifəli şəxslər tərəfindən cinayət törədildikdə tətbiq oluna bilər.

Bu şəxslərə hüquqi şəxsi təmsil etmək, onun adından qərar qəbul etmək və ya fəaliyyətinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər daxildir. Həmçinin həmin şəxslərin nəzarəti həyata keçirməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə də hüquqi şəxs barəsində tədbir görülə bilər.

Xüsusi hal kimi, hüquqi şəxsdə maliyyə əməliyyatlarına nəzarət qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi üçün səlahiyyətli vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər tətbiq edilə bilər. Bu halda cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi şərt deyil.

Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiqi cinayəti törətmiş və ya onun törədilməsində iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini aradan qaldırmır. Yəni eyni hadisəyə görə həm fiziki şəxs, həm də hüquqi şəxs barəsində müvafiq tədbirlər görülə bilər.

Qanunla müəyyən edilmiş hallarda fiziki şəxs barəsində cinayət təqibinə xitam verilməsi də hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur. Bununla yanaşı, dövlət, bələdiyyələr və beynəlxalq təşkilatlar barəsində belə tədbirlər tətbiq edilə bilməz.

Hüquqi şəxs məhkəmə cinayət-hüquqi tədbirin təyin edilməsi barədə qərar qəbul etməzdən əvvəl yenidən təşkil olunarsa, tədbirlər onun hüquqi varisinə təyin edilir. Məhkəmənin qərarı qəbul edildikdən sonra isə həmin tədbir tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin yenidən təşkili, eləcə də təsisçilərin, iştirakçıların və ya nizamnamə ilə səlahiyyət verilmiş orqanın qərarı ilə ləğv edilməsi qadağandır.

Əlaqəli Xəbərlər