Bu aydan universitetlərin və məktəblərin bağlanmasının kirayə mənzil bazarına təsir edəcəyi gözlənilir.
"Operativ Media" ucuzlaşmanın şəhərin hansı ərazilərində və nə qədər olacağını araşdırıb.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, bölgələrdə yaşayan tələbələr imtahandan sonra kirayə qaldıqları evləri təhvil verəcəklər. "Nəticədə əksər kirayə evlərin qiymətləri nəzərəçarpacaq dərəcədə düşə bilər. Adətən bu dövrlərdə mənzillər boş qalmasın deyə ev sahibləri əlacsız qalaraq ucuz kirayə verirlər. Ehtimal belədir ki, 3 ayda yayda qiymətlər 15-20 faiz ucuzlaşsın"-deyə ekspert bildirib.
Nofəl Quliyevin sözlərinə görə, əgər şəhərin mərkəz hissələrində iki otaqlı mənzillərin kirayəsi 600-650 manatdırsa, yayda bu qiymətin 500 manata qədər enməsi gözlənilir. Ekspertin fikrincə, yayda hətta 350 manata kirayə mənzil tapmaq mümkün ola bilər. Lakin ucuzlaşmanı bütün mənzillərə aid etmək olmaz. Çünki bəzi ev sahibləri yay aylarında qiymətlər aşağı olduğundan kirayə müqaviləsi bağlamaqda maraqlı olmurlar. Bunun da özünəməxsus səbəbi var.
Ekspert bildirir ki, qiyməti nisbətən ucuz olan kirayə evlərdə bir dəyişiklik gözlənilmir.
''Tələbələr sentyabrda geri qayıdanda mənzil tapmaqda çətinlik çəkdiklərindən bəziləri qiymət ucuz olanda sentyabra qədər belə bronda saxlayır. Üstəlik bir çox hallarda ev sahibləri oğlan tələəbələrə mənzil kirayə verməkdə maraqlı olmurlar. Ona görə onların müəyyən hissəsi tətildə paytaxtda qalıb mövsümi yerlərdə işləyirlər. Kirayə qiymətlərində ucuzlaşma sentyabr ayına qədər davam edəcək. Amma sentyabrdan yenidən 20-30 faizə qədər bahalaşma ehtimalı var".-deyə Nofəl Quliyev bildirib.