Tovuzda güclü küləklə müşayiət olunan leysan bir sıra fəsadlar törədib.
"Operativ Media" xəbər verir ki, rayonun Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsi sel sularına təslim olub. Aramsız yağan güclü yağış və külək bir neçə evin və yardımçı tikililərin uçmasına səbəb olub. Təbii fəlakətdən sonra dirək və borulara dəyən ziyanlara görə kənddə elektrik enerjisi və mavi yanacağın verilməsində fasilələr yaranıb. Güclü sel ağacları da kökündən çıxarıb. Əksər evlərin həyətləri ilə bərabər içərisinə də su dolub. Aramsız yağan yağışlar çaylarda da suyun səviyyəsini artırıb. Hazırda Kür çayının Tovuz rayon ərazisindən keçən hissəsində təxminən 30sm artım müşahidə edilir.