Türkiyə ilə İsveç arasında görüş olacaq
NATO-nun baş katibi Yens Stoltenberq iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı İsveç və Türkiyənin Brüsseldə yüksək səviyyəli görüş keçirəcəyini açıqlayıb.
"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, Vilnüsə səfəri çərçivəsində jurnalistlərə açıqlama verən Stoltenberq deyib:
"Bu görüşdə xarici işlər nazirləri, kəşfiyyat xidmətlərinin rəhbərləri və milli təhlükəsizlik müşavirləri iştirak edəcək. Məqsəd İsveçin NATO-ya üzvlük prosesini başa çatdırmaqda irəliləyiş əldə etməkdir".
Qeyd edək ki, İsveç Finlandiya ilə birlikdə keçən il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzvlük üçün müraciət etmiş, Türkiyə isə İsveçin NATO üzvlüyünə qarşı çıxmışdı.
Türkiyə etirazını geri götürmək üçün İsveçdən terror təşkilatı PKK və FETÖ üzvlərinə qarşı dəqiq mövqe nümayiş etdirməsini, axtarış qərarı çıxarılan şəxslərin ekstradisiyasını tələb edib.
İsveç isə bu tələblər qarşısında konkret addımlar atdığını açıqlasa da, Türkiyə tərəfi atılan addımların yetərli olmadığını bildirir.