Haaqada Ukraynadakı hərbi cinayətləri araşdıran mərkəz açılıb
Haaqada Ukraynaya qarşı hərbi cinayətləri araşdıran mərkəz fəaliyyətə başlayıb.
"Operativ Media" xəbər verir ki, Niderlandın inzibati paytaxtı Haaqada yerləşən Ukraynaya Qarşı Təcavüz Cinayətinin Araşdırılması üzrə Beynəlxalq Mərkəz (ICPA) Avropa İttifaqının Cinayət İşləri üzrə Məhkəmə Əməkdaşlığı Agentliyinin (Eurojust) inzibati rəhbərliyi altında fəaliyyətə başlayıb.
Eurojust-un Haaqadakı mənzil-qərargahında keçirilən mətbuat konfransında Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Han, Hollandiyanın ədliyyə naziri Dilan Yeşilgöz-Zegerius, Ukraynanın baş prokuroru Andriy Kostin, Eurojust-un prezidenti Ladislav Hamran, Avropa komissarı Didier Reynders və ABŞ Ədliyyə Nazirliyi Baş prokurorun müavini Kennet A. Polite iştirak ediblər.
Eurojust-dan verilən yazılı açıqlamada mərkəzin müxtəlif ölkələrdən prokurorlar, ekspertlər və polislərin toplanması ilə yaradıldığı bildirilib.
Bəyanatda qeyd olunub ki, ICPA-dakı ekspertlər Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətləri törətdiyini göstərən sənədlərin və sübutların toplanması və qorunmasında əməkdaşlıq edəcəklər.
Açıqlamada ICPA-nın fəaliyyəti üçün lazım olan bütün maliyyələşdirmənin Aİ Xarici Əlaqələr Xidməti tərəfindən qarşılandığı və 8,3 milyon avro ilkin fondun ayrıldığı qeyd edilib.