ABŞ-də 4 İyul bayramlarında silahlı hücumlar nəticəsində 15 nəfər ölüb
ABŞ-də 4 İyul - Müstəqillik Günü münasibətilə təşkil edilən şənliklərdə müxtəlif ştatlarda baş verən çoxsaylı silahlı hücumlarda ümumilikdə 15 nəfər həyatını itirib.
"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, qanlı hadisələrdən sonra ABŞ prezidenti Co Bayden silahlarla bağlı hüquqi tənzimləmələrdə islahatlara çağırışını təkrarlayıb.
4 İyul - Müstəqillik Günü qeyd etmələri həftəsi zamanı baş verən atışmalardan birincisi iyulun 2-də Merilend ştatının Baltimor şəhərindəki əyləncə gecəsində baş verib. Sözügedən hücumda 2 nəfər ölüb, əksəriyyəti 18 yaşdan kiçik olan 28 nəfər yaralanıb.
İyulun 3-də Filadelfiyada silahlı hücumda 5 nəfər həlak olub. Hücum zamanı 2 və 13 yaşlı iki uşaq yaralanıb.
İyulun 4-də Texas ştatının Fort-Uort şəhərinin cənub-qərbindəki Komo məhəlləsində festival iştirakçılarına silahlı hücum olub. Hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Florida ştatında iyulun 4-də Tampa Bay dərəsində toplaşan iki qrup arasında yaranan münaqişə nəticəsində 7 yaşlı uşaq güllələnib.
Nəhayət bu gün Merilend ştatının Şərqi Şor bölgəsində əyləncə gecəsində baş verən atışmada 14 yaşlı yeniyetmənin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilib.
Metropoliten Polis Departamentinin (MPA) rəis müavini Leslie Parsons bu gün "Twitter"də Vaşinqtonun şimal-şərqindəki Meade Street-də baş verən atışmada 2-si uşaq olmaqla 9 nəfərin yaralandığını bildirib.
Bu gün Luiziana ştatının Şreveport şəhərində küçə şənliyində baş verən hücumda isə 3 nəfər həyatını itirib, biri ağır olmaqla 10 nəfər yaralanıb.