İranın "İRNA" informasiya agentliyi Xəzər dənizinin suyunun kəskin azalması ilə bağlı geniş bir təhlil yayımlayıb. Məqalədə qeyd edilir ki, Xəzərdə suyun səviyyəsi 15 ildə iki metrdən çox azalıb. Problemin hər il artmasını bildirən araşdırmaçı əsas problemin iqlim dəyişikliyi olduğunu qeyd edir. Lakin məqalədə o da vurğulanır ki, suyun səviyyəsinin enməsinə səbəb Xəzərsahili ölkələrin biganə qalmasıdır. Xüsusilə də Volqa çayından gələn suyun azalmasının nəticəsində dəniz səviyyəsinin enməsi ilə digər ölkələr də ciddi ziyan görəcək.
“Operativ Media“ yerli mütəxəsislərlə mövzunu araşdırıb. Ekoloq Amin Məmmədov deyir ki, Xəzər dənizinin araşdırılması üçün İranın mövcud resursları yoxdur. Onlar yalnız Rusiya və digər xarici araşdırma mərkəzlərinin məlumatını yayırlar.
"Daha əvvəl də belə bir məlumat İran tərəfindən yayılmışdı. Lakin İranda elə bir araşdırma mərkəzi yoxdur ki, mövcud reallığı öyrənə bilsin. Bunun üçün illər lazımdır. İranlı araşdırmaçıların qeyd etdiyi kimi suyun kəskin azalması mümkün deyil".
Ekoloq Çingiz İsmayılov isə bildirir ki, elmi konfranslarda və tədbirlərdə İranlı alimlər bu məsələni hər zaman qabartmağa çalışıb. Lakin məsələ heç də onların təqdim etdiyi kimi deyil.
“Xəzər dənizinin səviyyəsinin artıb azalması yüz illiklərdi baş verir. Son on ildə də bu baş verib, bundan sonrakı 10 ildə də olacaq. İqlim dəyişikliyi hər bir yerdə hiss olunduğundan Xəzərə də təsiri qaçınılmazdır. Son 10 il ərzində 1 metrə qədər düşüb. Ola bilər biraz düşsün. 2 metr, 2 metr yarım çevrəsində dəyişsin. Amma 10-15 metr düşməsi fərziyyədir. Bu sadəcə şişirtmədir. Belə bir açıqlamanın məntiqi izahı yoxdur".
Ekspertin sözlərinə görə, mövcud vəziyyət bütün Xəzərsahili ölkələrə təsir edə bilər. İranın bu məsələni qabartması isə yalnız siyasi amillərlə bağlıdır.
“Səviyyənin dəyişməsi bir çox sahələrə təsir edir. Turizm obyektləri o səviyyəyə uyğun qurulub, limanlar, kənd təsərrüfatı sahələri ona uyğun qurulub. İstər səviyyə qalxsın və ya ensin. İkisi də təsir edir. Ən əsas da limanlara təsiri qaçınılmazdır. Rusiya limanlarına da böyük təsir edir. İranın Xəzər sahilində 4 hərbi liman var. Onların hərbi limanlarında problemlər yaranacaq. İranlılar bunu geosiyası maraqlar üçün istifadə edirlər. Bundan əvvəl də məlumat yaymışdılar ki, sunami olacaq. Xəzərdə güclü zəlzələdən sonra sahil ətrafını su basacaq. Biz onda da dedik ki, boş şeydir, narahat olmaq lazım deyil. İndi də yenə deyirik ki, problem onların şişirtdiyi səviyyədə deyil".