“Hepsiburada” Azərbaycanda fəaliyyətə başlaya bilər
Nərmin Qocamanlı
Türkiyənin aparıcı online ticarət platforması “Hepsiburada” Azərbaycanda fəaliyyətə başlaya bilər.
"Operativ Media"nın xəbərinə görə, bunu “Hepsiburada”nın CEO-su Nilhan Onal Gökçetekin deyib.
O bildirib ki, hazırda Azərbaycan və İsrail kimi regional ölkələrinə investisiya qoyulması istiqamətində sınaqlara başlanılıb: “Fərqli dillərdə və müxtəlif valyutalarda xidmətlər göstərməyə başladıq. Gələcək günlərdə və illərdə Türkiyənin ixracatına ciddi töhfə verəcəyik. Biz mədəni və tarixi əlaqələrimizin olduğu coğrafiyalarla əməkdaşlıq və tərəfdaşlıq üzərində işləyirik. Şirkət olaraq ticarətin rəqəmsallaşmasına istiqamət verən innovativ texnologiyalara sərmayə qoymağı hədəfləyirik”.
Gökçetekin qeyd edib ki, bu ilin I rübündə “Hepsiburada” 78 %, II rübündə 101 % böyüyüb, III rübdə isə illik artım tempinin 110 %-ə çatacağı gözlənilir. Ümumilikdə bu ilin sonuna Türkiyənin e-ticarət bazarının həcmi 60 % artaraq 1,2 trilyon TL-yə çatacağı proqnozlaşdırılır.