Millət vəkili: Qərb Azərbaycana qarşı təxribatları dəstəkləyir
Nərmin Qocamanlı
"Bizim əsas məqsədimiz bölgəyə sülhün gəlməsi idi. Azərbaycan uzun illərdir bunun üçün çalışırdı və artıq öz məqsədinə çatır. Qərb isə, təəssüf ki, hər zaman olduğu kimi ikili standartlarından və qərəzli yanaşmasından əl çəkmir".
Bunu millət vəkili Ceyhun Məmmədov "Operativ Media"ya açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycana qarşı Qərbdən ədalət gözləmək, beynəlxalq hörmət gözləmək mənasızdır:
"Bu gün Azərbaycan bölgəyə sülhün gəlməsi üçün çox ciddi şəkildə çalışır və addımlar atır. Qərb isə təəssüf ki, hər zaman olduğu kimi ikili standartlarından, qərəzli yanaşmasından əl çəkmir. Əsas məqsədləri Ermənistana dəstək olmaq, Qərbin bir sıra dövlətlərinin bölgədə marağını təmin etmək, Azərbaycana təzyiqi artırmaqdır. Artıq bir daha əmin olmuşuq ki, Qərb Azərbaycana qarşı təxribatları dəstəkləyir. Onların bu günə kimi həyata keçirdikləri siyasətə baxanda bunu açıq-aydın görmək mümkündür".
Millət vəkili vurğulayıb ki, bir sıra Qərb dövlətlərinin özləri beynəlxalq hüququ pozur, bölgədə separatçılığı, terroru dəstəkləyirlər:
"Onların doğru olmayana siyasəti nəticəsində bu gün Ermənistan xalqı bu yanlış addımları atır. Eyni zamanda erməni tərəfi də Azərbaycana qarşı bu təxribatları törədir. Bunlara son qoymaq, Ermənistanı doğru yola çağırmaq lazımdır. Bölgədə təhlükəsizliyin təmin olunması üçün hər bir tərəf ciddi çalışmalıdır".