Xankəndini tərk etmək istəyən erməniəsilli sakinlərin böyük bir qrupu qanunsuz rejimin tör-töküntüləri tərəfindən girov götürülüb.
"Operativ Media" xəbər verir ki, Xankəndidə erməniəsilli sakinlər şəhəri tərk edərək, Ermənistana getmək istəyirlər.
Qonşu ölkədə qohum və tanışları olan insanların oraya gedib suların durulmasını gözləmək istəyi başadüşüləndir. Daxil olan müraciətlər əsasında Azərbaycanın müvafiq qurumları bu məqsədlə lazımi təhlükəsizlik dəhlizi də təşkil ediblər.
Ancaq Xankəndidə qalan qanunsuz rejimin tör-töküntülərinin idarə etdiyi erməni silahlı birləşmələri şəhəri tərk etmək istəyən sakinləri girov götürüblər və onlardan canlı sipər kimi istifadə etmək niyyətindədirlər.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.