KİV: Pakistan 1 milyondan çox əfqan immiqrantı deportasiya edəcək
Pakistan hökuməti respublikada qeyri-qanuni yaşayan 1,1 milyona yaxın Əfqanıstan vətəndaşını deportasiya etmək barədə qərar qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Geo News" telekanalı məlumat yayıb.
Məlumata görə, vizası olmayan əfqanlar, o cümlədən müvafiq sənədin müddətinin uzadılmasından imtina edilən şəxslər deportasiya ediləcək. Telekanalın qeyd etdiyi kimi, İslam Respublikası ərazisində qeyri-qanuni yaşayan miqrantların “qovulması” planı artıq təsdiqlənib və bütün maraqlı tərəflər və Əfqanıstan hökuməti ilə razılaşdırılır.
Ötən həftə Geo TV Pakistanda qeyri-qanuni yaşayan əcnəbilərə ölkəni könüllü olaraq tərk etmələri üçün bir ay vaxt veriləcəyini bildirmişdi. Bu müddətdən sonra yerli hüquq-mühafizə orqanlarının bütün ölkə ərazisində miqrantların müəyyən edilməsi və deportasiyası üçün genişmiqyaslı əməliyyatlara başlayacağı gözlənilir.
Telekanalın məlumatına görə, hazırda Pakistanda 1,1 milyona yaxın Əfqanıstan vətəndaşı qeyri-qanuni yaşayır.