Almaniya yəhudi və İsrail institutlarına hücum təhlükəsi barədə xəbərdarlıq edib
Türingiya Konstitusiya Müdafiə İdarəsinin rəhbəri Stefan Kramer Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar Almaniyada yəhudi və İsrail institutlarına hücum təhlükəsinin artacağı barədə xəbərdarlıq edib.
"Operativ Media" xəbər verir ki, Kramerin sözlərinə görə, bəzi fələstinlilər açıq şəkildə buna çağırış edirlər.
"Almaniyada HƏMAS-ın tərəfdarları artıq nümayişlər, nifrət nitqi kimi hücumlarla məhdudlaşa bilməzlər, əksinə, potensial olaraq yəhudi və İsrail institutlarına və insanlara qarşı konkret hücumlar həyata keçirə bilərlər", - Kramer "Handelsblatt" qəzetinə müsahibəsində deyib.
Onun fikrincə, qisas tələb edən anti-yəhudi şüarları, Yaxın Şərqdəki hadisələr fonunda ərəb dünyasındakı yəhudilərə nifrət edənlər arasında getdikcə populyarlaşır.
"Almaniyaya orada açıq şəkildə müsəlmanların düşməni kimi baxılır. HƏMAS indi bir daha dünyanın hər yerində yəhudilərə, yəhudi restoranlarına, mağazalara və sinaqoqlara qarşı açıq zorakılığa çağırır", - məlumatda qeyd edilir.
Kramer həmçinin Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin mümkünlüyünü etiraf edib: "Əlbəttə ki, Yaxın Şərqdə vəziyyətin İranın, Livanın və ya Suriyanın iştirakı ilə bir neçə cəbhədə açıq müharibəyə çevrilməsi mümkündür".