Gürcüstan prezidenti məhkəmənin impiçmentlə bağlı qərarı fonunda istefaya verməyəcək
Gürcüstan prezidenti Konstitusiya Məhkəməsinin hökumətin razılığı olmadan xaricə səfər edərək ölkə konstitusiyasını pozduğunu müəyyən etdikdən sonra istefa verməyəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili özü bildirib.
"Heç yerə getmirəm. İstefa vermirəm. Mən olduğum yerdə qalacağam. Mən niyə Fransadan gəldim, burada qaldım? Ölkəmizin Avropa gələcəyi və demokratiyası üçün mübarizə aparacam", - Zurabişvili televiziyada çıxışı zamanı deyib.
Zurabişvili Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı danışarkən bildirib ki, hakimlər belə hökm çıxardıqları üçün utanmalıdırlar. Dövlət başçısının sözlərinə görə, o, parlamentin impiçmentlə bağlı səs verəcəyi iclasda iştirak etməyi planlaşdırır.
Bundan əvvəl Konstitusiya Məhkəməsinin sədri Merab Turava Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa ölkələrinə işgüzar səfərlər edərək konstitusiyanı pozduğuna dair qərarı açıqlamışdı. Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna görə impiçment elan edilməsi ideyasını dəstəkləyib. Sonra, prosedura əsasən, Konstitusiya Məhkəməsinin qərarı parlamentə göndəriləcək, burada isə deputatlar prezidentin impiçmenti məsələsinə səs verməli olacaqlar. Parlamentin spikeri Şalva Papuaşvilinin daha əvvəl bildirdiyi kimi, bu həftənin sonuna qədər impiçment məsələsi üzrə səsvermənin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, sentyabrın əvvəlində Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti prezidentin səfərinə razılıq vermədiyi üçün hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb. Zurabişvilinin impiçmenti 150 deputatdan 100-nün qərarı dəstəklədiyi təqdirdə baş tutacaq. Hakim partiya parlamentdə 84 yerə malikdir.