Peşə məktəbini bitirib işində peşəkar olan hər hansı zərgərin ali təhsil almasına ehtiyac yoxdur.
"Operativ Media" məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.
Deputat peşə təhsili anlayışının “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinə salınmasını təklif edib.
Onun fikrincə, ali təhsil tələbininin aradan götürülməsi vacibdir.
Deputat vurğulayıb ki, insanların savadı heç də diplomla ölçülməməlidir.
“Peşə diplomu da burada rol oynamalıdır. Qiymətləndirici işləmək qabiliyyətlə bağlı məsələdir. Ona görə də peşə təhsili diplomunun qanuna əlavə edilməlidir. Bundan başqa, 3 il staj tələbi isə çox azdır. Qiymətləndirici olmaq üçün daha çox staj tələb olunmalıdır. Test imtahanı ilə bağlı məsələ 6-cı maddədə göstərilib. Beynəlxalq sertifikatı olanların bu testdən keçməsinə nə ehtiyac var?!”.
Spiker Sahibə Qafarova isə ali təhsili şübhə altına alınmasına etiraz edib.
“Bu qanun gələcəyə hesablanıb, yəni saxta diplom və s. məsələlər aradan qaldırılır”, - deyə spiker bildirib.
Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 11-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edir.
Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.