"Gələn il əmək pensiyası alan bütün vətəndaşların pensiya məbləğlərində artım nəzərdə tutulub”.
Bunu “Operativ Media”ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Millət vəkilinin sözlərinə görə, bu artım 2023-cü illə müqayisədə 10.7 faiz artım deməkdir və pensiyaların indeksasiya olunaraq artırılması orta aylıq pensiya məbləğinə birbaşa təsir edir.
“Gələn il əmək pensiyası alan bütün vətəndaşların pensiya məbləğlərində artım nəzərdə tutulub. Artımlar minimum pensiya alan şəxslərə də şamil olunacaq. Pensiya məbləğlərində artım yanvar ayından təxminən 11 faiz təsdiqlənəcək. Bu da bütün növ pensiya alan şəxslərin pensiyasında artımla nəticələnəcək. Bu o deməkdir ki, 435 manat orta pensiya məbləği alan vətəndaşlarımızın artımlardan sonra pensiya məbləğində təxminən 50 manata yaxın artım qeydə alınacaq. Nəticədə məbləğ 485 manata qədər yüksələcək. Digər artımlar da pensiya məbləğinə uyğun olaraq artacaq”.
Millət vəkilinin sözlərinə görə, gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata yüksələcək. Bu ünvanlı sosial yardım alan şəxslərin gəlirlərini artıracaq.
“2024-cü ildə ehtiyac meyarının artması səbəbindən artıq gələn il ünvanlı sosial yardım alan vətəndaşlarımızın aylıq gəlirləri 500 manatdan çox olacaq. Bu da imkan verəcək ki, həmin ailələr ünvanlı sosial proqram çərçivəsində orta hesabla 500 manatdan daha çox vəsait ala bilsin. O baxımdan növbəti ildəki artımlar sosial yardım alan vətəndaşlarımızın gəlirlərinə və onların aylıq əldə etdikləri məbləğlərin artmasına gətirib çxaracaq. Təqaüd alan şəxslər gələn il də artımlardan faydalana biləcəklər”.