Bu gün təltif olunanlar arasında general-leytenant Mayis Bərxudarov da var.
“Operativ Media” xəbər verir ki, general-leytenant Mayis Bərxudarov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Bununla da general-leytenantın təltif olunduğu orden və medallarının sayı 23-ə çatıb. Vətən müharibəsində onun rəhbərlik etdiyi ikinci ordu korpusu ön xəttin yarılmasından başlayaraq, Şuşaya qədər şərəfli bir döyüş yolu keçib. Ən çətin əməliyyatlar birbaşa özü rəhbərlik edib.
Mayis Bərxudarov əsl savaş generalı və mükəmməl döyüşçü kimi Azərbaycan ordusunun tarixinə düşüb. Hamı kimi ermənilər də bilirdi ki, o komanda idaretmə məntəqəsində dayanmayacaq. İlk günlərdə əsir düşməsi ,şəhid olması ilə bağlı məlumatlar sürətlə yayıldı. Cəbrayılın Nüzgar kəndində “Vilayət” postunda dayanan generalı düşmənlə metrlərlə məsafə ayırırdı. Elə buna görə də, ermənilər generalı ilk olaraq burada hədəfə alırlar.
Ön xəttin yarılması, Cəbrayıl şəhəri, Qubadlı şəhərinin azad olunmasında birbaşa döyüş mövqeyində olub. Həyatı üçün bir neçə dəfə real təhlükəli vəziyyət yaranıb. 3 dəfə yaralanması ilə bağlı məlumatlar var. Cəbrayıl şəhərini “Əlipaşa” və “Tulus” dağından minaatanlarla atəşə tutan düşmənin məhv edilməsi ilə şəhərə nəzarət tam həyata keçirilir. Mayis Bərxudarov bu əməliyyatı birbaşa döyüş mövqeyindən, şəhərin girişində olan “Dostluq” bulağının yaxınlığındakı yarım tikilidən idarə edib.
Qubadlıda generalın mühafizəsini təşkil edən Şamxal Abbasovun şəhid olması Barxudarovun hər zaman hədəfdə olduğunu bir daha göstərdi.
Füzulinin açarı olan 3 hücum istiqaməti, Cəbrayılın taleyini həll edən Mehdili valının yarılması, 7 oktyabr ermənilərin 1000 dən çox şəxsi heyətlə hazırladığı əks hücumun qarşısının alınması (bu hücumun qarşısı alınmasa idi, Azərbaycan ordusunun bölmələri 3 tərəfli mühasirədə qala bilərdi), Zəngilana gedən yol üçün çox əhəmiyyətli olan “Əmirvarlı” səddinin yarılması, Qubadlının açarı olan “Yazı Düzü” nün azad edilməsi və Şuşa əməliyyatında Laçın dəhlizindən düşmən təminatının qarşısının alınması bölmələriniə birbaşa döyüş mövqeyində rəhbərlik edən Mayis Bərxudarovun heyəti ilə bağlıdır.
Son həyata keçirilən “Antiterror tədbir” lərində də Mayis Bərxudarovun rəhbərlik etdiyi heyət ən çətin tapşırıq üçün seçilir. Ermənilərin illərdir ki, mövqe qurduğu “Qırmızı Bazar” istiqaməti, Xocavəndin ən yüksək mövqeləri, “Üçtəpə” postu, Xocalının üzbəüz mövqeləri, Xankəndininin hakim yüksəkliklərinin azad olunmasına birbaşa rəhbərlik edib.
Şəxsi heyətin ona həddindən artıq rəğbəti var. Məni yox əsgərimi təbrik edin deyən generalın şəxsi heyəti ilə münasibəti komandir rəhbər münasibətindən artıqdır. Mükəmməl hərbi biliyi ilə yanaşı həm də çox yaxşı natiqdir. Şəxsi heyət üçün Mayis Bərxudarovsuz ordu təsəvvür edilməzdir.