Bəzi marketlərdə Qarabağ təbiətinə məxsus ərzaqların qiymətinin digərlərindən kəskin şəkildə fərqləndiyi müşahidə olunur. Belə ki, marketlərdən birində Ağdam narı 12 manat 50 qəpiyə satışa qoyulub. Bəs həmin məhsulun bu qədər baha olması nə ilə əlaqədardır?
Mövzu ilə əlaqədar kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov “Operativ Media”ya açıqlamasında qeyd edib ki, bazarlarda qiymətləri sahibkarların özü müəyyən edir.
Bildirib ki, bu qiymətin uyğun olub-olmadığını istehlakçıların alıcılıq qabiliyyəti bəlli edəcək:
“Azərbaycan bazar iqtisadiyyatına tam keçməyib, çünki hələ ki monopoliya və bazarlarda qiymətlərə manipulyasiya edən adamlar var. Amma ümumilikdə bazarlardakı qiymətləri sahibkarlar öz xərclərini hesablayıb müəyyən edirlər və bu, bazar iqtisadiyyatı şəraitində normaldır. Məsələ burasındadır ki, bizim istehlakçılar bazar iqtisadiyyatına hələ tam uyğunlaşmayıblar. Qiymətlər fərqli ola bilər, amma hər bir istehlakçı öz zövqünə və maddi durumuna uyğun hərəkət edir. Bu gün 1 manata da nar var, 12 manata da, seçim istehlakçınındır. Elə ola bilər ki, istehlakçı 12 manatlıq narı almasın və sahibkar məcburiyyət qarşısında qalıb onun qiymətini aşağı endirirsin. Əgər sahibkarın istehsal xərci yüksək olubsa və bu səbəbdən narın qiymətini yüksək dəyərləndirirsə, sahibkar o narı Azərbaycan bazarında yox, ona yüksək dəyər verən ölkələrin bazarına çıxarmağı düşünməlidir”.
Ekspertın sözlərinə görə, əgər məhsulun müştərisi olmasa, bir müddətdən sonra sahibkar məcburiyyət qarşısında qalıb həmin məhsulun qiymətini aşağı salır:
“Burada söhbət o narların harada istehsal olunmasından getmir. Hərçənd biz Azərbaycanda əvvəllər daha çox Göyçay narını tanıyırdıq, amma sonradan xarici ölkələrdən elə sortlar gətirilib ki, onlara daha çox vəsait xərcləyiblər, xüsusi şəraitdə yetişdiriblər deyə qiyməti Göyçay narından 2-3 dəfə bahalıdır və bunda anormallıq yoxdur. Düzdür, sahibkar süni şəkildə yüksək qiymət müəyyən edə bilər, amma hər bir halda bazar onu dəqiq müəyyən edəcək. Bir müddətdən sonra onun alıcısı olacaqsa, bu zaman istehsalçı haqlı olacaq. Qiyməti baha olan məhsulun keyfiyyətinin və s. kimi müəyyən kriteriyaların da burada rolu var ki, sathibkarlar ona uyğun dəyər verirlər. Yoxsa heç bir ağılsız sahibkar indiki şəraitdə, alıcılıq qabiliyyəti aşağı olan bir zamanda Azərbaycanda narı gətirib 12 manat qiymət təyin etməz”.