Bayramqabağı çərəzlərin qiyməti neçəyədir?
Novruz bayramı ərəfəsində quru meyvə və çərəzlərə tələbat artır. Bazarlarda çeşid çox olsa, da qiymətlər artıb.
“Operativ Media” paytaxt bazarlarında çərəz qiymətlərini araşdırıb.
Satıcılar deyirlər ki, alıcılar daha çox bayrama bir neçə gün qalmış bazara üz tuturlar. Çərşənbələrdə isə daha çox qoz və fındığa tələbat olur:
“Ən çox satılan qoz, fındıqdır. Yerli qoz nisbətən bahadır. Ukrayna qozu isə ucuzdur deyə ən çox o satılır. Xüsusilə şirniyyat mağazaları Ukrayna qozu alır ki, ucuz başa gəlsin. Şəkidən gətirilən qozun kiloqramı 20-22 manata satılır. Ordubad qozu 17-20 manatdır. Ucuz yerli məhsul da var ki, qiyməti 10-12 manatdır”.
Yerli məhsulla yanaşı Türkiyədən gətirilən çərəz məhsullarına da tələbat yüksəkdir. Bazarda ən bahalı çərəz Türkiyədən idxal olunan fıstıqdır. Yerli məhsullardan isə fındığın qiyməti xeyli artıb:
“Ən bahalı 33-35 manata satılan Türkiyənin antep püstəsidir. İran püstələrimiz var 29-28 manata düşür, 25-ə də var. Bu il ən çox baha olan fındıq oldu. Keçən il qovrulmuş fındıq 12 manata idisə, bu il 17 manatdır. Demək olar ki, iki gündən bir qiymətlər qalxır. Az qala 50 qəpik, bəzən 1 manat bahalaşır. Keçən aydan bu aya fındıq ləpəsi 1 manat qalxıb. Satışda hazırda 14- 15 manat arası dəyişir. Ötən il 10 manata satılan şabalıd isə bu il 13 manata təklif olunur. Həmçinin kişmiş də bahalaşıb. Keçən il 6-8 manat arası olan kişmiş indi 10-11 manatdır. İydə və innab qiymətlərində dəyişiklik yoxdur. Ərik qurusunun qiyməti isə 8-14 manat aralığında dəyişir”.