İngiltərə klubunun futbolçusu 6 maddə üzrə ittiham olunur
İngiltərənin “Barnet” klubunun hücumçusu Ayzeya Noel-Vilyamsa qarşı üçü zorlama olmaqla, ümumilikdə altı maddə üzrə ittiham irəli sürülüb.
Operativ Media xəbər verir ki, bu barədə “Mirror” nəşri Hertfordşir qraflığının polis idarəsinə istinadən məlumat yayıb.
23 yaşlı futbolçu zorlama ilə yanaşı, seksual xarakterli zorakılıq, yetkinlik yaşına çatmayan şəxsin seksual xarakterli hərəkətlərə cəlb edilməsi və narkotik vasitələrin yayılması ilə də ittiham olunur.
Noel-Vilyams şənbə günü məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onun həbsdə saxlanılması barədə qərar qəbul edib. Növbəti məhkəmə iclası dekabrın 22-nə təyin olunub.
İngiltərə çempionatının dördüncü divizionunda çıxış edən “Barnet” klubu bazar ertəsi futbolçunun həbsdə olduğunu təsdiqləyib. Klub hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini və futbolçu ilə bağlı növbəti qərarların daha sonra veriləcəyini açıqlayıb.
Ayzeya Noel-Vilyams 2026-cı ilin iyununda “Hemel Hempsted Taun” klubundan “Barnet”ə keçib. O, əvvəlki mövsümdə keçmiş komandasında 37 oyunda 8 qol vurub. Hücumçu cari mövsümdə bütün turnirlərdə 9 matçda iştirak edib.