Vüqar Bayramov: Zəfərdən sonra Kəlbəcər iqtisadiyyatı 30 dəfədən çox böyüyüb
Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb, hazırda rayonda 1,5 milyard manatdan artıq məhsul istehsal olunur.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən edilib. O qeyd edib ki, Kəlbəcər Azərbaycanın böyük iqtisadi potensiala malik rayonlarından biridir və 2020-ci ildə hərbi qələbənin diplomatik, siyasi və iqtisadi müstəvidə davamı olaraq heç bir güllə atılmadan, şəhid verilmədən Azərbaycana qaytarılıb.
Vüqar Bayramovun sözlərinə görə, 27 illik işğal dövründə Kəlbəcərin infrastrukturu dağıdılıb, təbii ehtiyatları qeyri-qanuni istismar olunub və rayona ən azı 10 milyard dollar ziyan vurulub.
Deputat Kəlbəcərin mərmər, oniks və nefroid ehtiyatları ilə zəngin olduğunu, sənaye potensialının yüksək qiymətləndirildiyini bildirib. O, rayonun geniş ərazisinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün imkan yaratdığını, qış, yay, müalicəvi, tarixi və dini turizm baxımından da böyük potensiala malik olduğunu vurğulayıb.
Qeyd olunub ki, 2020-ci ildə Kəlbəcərdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 49 milyon manat təşkil edib. Hazırda bu göstərici 1,5 milyard manatdan çoxdur.
Vüqar Bayramov bildirib ki, 2020-ci ildə rayonda 224 min manatlıq sənaye məhsulu istehsal edildiyi halda, hazırda Kəlbəcərin sənaye potensialı 150 milyon manatdan yüksək qiymətləndirilir. Bərpa və yenidənqurma işləri nəticəsində tikinti sektoru son 5 ildə 165 dəfə böyüyüb.
Deputat Kəlbəcərin yeni quruculuq mərhələsinə qədəm qoyduğunu, bölgədə həyatın yenidən canlandığını qeyd edib.