Menyu

Azərbaycan-İtaliya əməkdaşlığı enerji və nəqliyyat sahələrində yeni perspektivlər açır – TƏHLİL

Ayşən Sadıxzadə
Azərbaycan-İtaliya əməkdaşlığı enerji və nəqliyyat sahələrində yeni perspektivlər açır – TƏHLİL
3 dəq oxu

Müasir beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər və yeni geosiyasi reallıqlar fonunda dövlətlərarası strateji tərəfdaşlıqlar xüsusi önəm kəsb edir. Xüsusilə Cənubi Qafqazın Avropa ilə inteqrasiyası və enerji-nəqliyyat xəritəsinin yenidən formalaşması prosesində etibarlı tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdəndir. 

Bu sözləri Operativ Media-ya deputat Kamran Bayramov deyib. 

O bildirib ki, bu baxımdan Azərbaycanın Avropa məkanında ən yaxın müttəfiqlərindən biri olan İtaliya ilə qurduğu çoxşaxəli münasibətlər regional və qlobal miqyasda mühüm nəticələr doğurur:

“Son illərdə Azərbaycan və İtaliya arasındakı əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və siyasi, iqtisadi, enerji, eləcə də digər aparıcı sahələr üzrə dinamik şəkildə inkişaf edir. Qarşılıqlı etimada və dostluğa söykənən bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə əvəzsiz töhfə verir. 

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi çıxış etməsi, qitənin enerji təhlükəsizliyində açar rol oynaması və ölkəmizin Avropa bazarlarına çıxış imkanlarını artırması bu tərəfdaşlığın strateji dəyərini daha da yüksəldir. Bu xüsusda, noyabrın 23-də Prezident İlham Əliyevin İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul etməsi gündəlikdə duran aktual məsələlərin müzakirəsi və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm hadisədir. Görüş çərçivəsində siyasi dialoqun dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, eləcə də enerji, müdafiə sənayesi, kənd təsərrüfatı və nəqliyyat sahələrində birgə layihələrin icrası diqqət mərkəzində saxlanılıb. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təminatında artan çəkisi, İtaliyanın tranzit potensialı və Orta Dəhlizin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinə və TRIPP layihəsinə toxunulması rəsmi Romanın Cənubi Qafqazdakı sülh gündəliyinə və regionun nəqliyyat-kommunikasiya imkanlarına verdiyi önəmin bariz göstəricisidir. Deputat diqqətə çatdırıb ki, iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərin mövcud dinamikası əməkdaşlığın yüksələn xətlə davam etdiyini təsdiqləyir. Ticarət dövriyyəsinin daha da böyüdülməsi ilə yanaşı, humanitar, müdafiə sənayesi, aqrar və sənaye sektorlarında da geniş işbirliyi potensialı mövcuddur. Yüksək səviyyəli təmasların intensivləşməsi qeyd olunan sahələr üzrə yeni əlaqələrin qurulmasına və mövcud layihələrin genişlənməsinə möhkəm zəmin yaradır. Enerji sektorundakı tərəfdaşlıq isə Azərbaycan üçün tamamilə yeni perspektivlər açır. Avropanın enerji təchizatında aparıcı mövqeyə malik olan ölkəmiz hazırda Avropa İttifaqının ondan artıq üzv dövlətinə təbii qaz ixrac edir və rəsmi Roma bu strateji rolun əhəmiyyətini yüksək qiymətləndirir. Cənub Qaz Dəhlizinin mühüm komponenti olan TAP layihəsi vasitəsilə məhz İtaliya üzərindən Avropaya çıxan Azərbaycan qazı bu ölkəni Mərkəzi və Qərbi Avropa bazarları üçün əsas paylayıcı mərkəzə və qapıya çevirir. 

Bu əməkdaşlıq hər iki tərəfə ciddi dividentlər gətirir. İtaliya həm öz daxili enerji tələbatını qarşılayır, həm də tranzit ölkə kimi mövqeyini gücləndirir. Azərbaycan isə İtaliyanın geniş infrastruktur imkanlarından yararlanaraq Avropa enerji bazarındakı yerini daha da möhkəmləndirir. Digər tərəfdən, Avropa siyasətinin aparıcı aktorlarından və NATO-nun əsas üzvlərindən biri olan İtaliya ilə sıx tərəfdaşlıq Azərbaycanın qitədəki siyasi mövqelərinə əlavə güc qatır. Rəsmi Romanın Cənubi Qafqazdakı proseslərə, regional nəqliyyat dəhlizlərinin açılmasına və TRIPP layihəsinə maraq göstərməsi Avropanın ümumilikdə regiona yanaşmasına müsbət təsir göstərən amildir. Artıq böyük ölçüdə irəliləyən Azərbaycan-Ermənistan sülh prosesinin ən vacib tərkib hissələrindən biri məhz regional kommunikasiyaların bərpası və TRIPP layihəsinin reallaşdırılmasıdır. 

Regiondaxili nəqliyyat xətlərinin qurulması öz növbəsində Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini və perspektivlərini birbaşa gücləndirir. Avropa Orta Dəhlizin əsas təyinat bazarı olduğu üçün qitə ölkələrinin bu marşruta artan marağı layihənin strateji dəyərini daha da artırır. Bu dəhlizin əsas həlqələrindən biri kimi çıxış edən Azərbaycan onun gələcəkdə Avropa ilə Asiya arasında başlıca tranzit marşrutuna çevrilməsində maraqlıdır. Bu hədəfin reallaşması ölkəmizin həm siyasi çəkisini, həm də iqtisadi gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq. İtaliyanın Cənubi Qafqazdakı nəqliyyat təşəbbüslərinə verdiyi dəstək isə bütövlükdə Avropanın bölgəyə və Orta Dəhlizə diqqətinin artmasına mühüm təkan verir”.

Əlaqəli Xəbərlər