Menyu

Azərbaycan–İtaliya tərəfdaşlığı: Yeni geosiyasi düzənin yaratdığı imkanlar - TƏHLİL

Ayşən Sadıxzadə
Azərbaycan–İtaliya tərəfdaşlığı: Yeni geosiyasi düzənin yaratdığı imkanlar - TƏHLİL
3 dəq oxu

Azərbaycan ilə İtaliya arasındakı münasibətlər müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq strateji maraqlar üzərində qurulan nadir dövlətlərarası əməkdaşlıq modellərindən biridir. İki ölkə arasındakı əlaqələrin siyasi-hüquqi bazası hələ 2014-cü ildə qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə və 2020-ci ilin fevralında Romada imzalanmış Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə ilə ən yüksək beynəlxalq-hüquqi müstəviyə qaldırılmışdır. 

Bu sözləri Operativ Media-ya deputat Bəhruz Məhərrəmov deyib. 

O bildirib ki, bu sənədlər Bakı ilə Roma arasındakı münasibətlərin yalnız ənənəvi enerji sektoru ilə məhdudlaşmayaraq siyasi dialoq, təhlükəsizlik, müdafiə, sənaye, kənd təsərrüfatı və humanitar sahələri əhatə edən kompleks əməkdaşlıq formatına keçidini rəsmiləşdirmişdir:

“Müasir qlobal çağırışlar, yaşıl enerji keçidi və yüksək texnologiyalar sənayesinin tələbləri fonunda kritik xammal sahəsində strateji əməkdaşlığa dair birgə bəyannamənin imzalanması isə tərəflər arasındakı hüquqi-müqavilə bazasının zamanın tələblərinə uyğun olaraq dinamik şəkildə yeniləndiyini və dərinləşdiyini sübut edir. Azərbaycanın Avropa məkanında özünə bu cür etibarlı və prinsipial tərəfdaş qazanmasının mərkəzində isə, heç şübhəsiz, Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və çoxvektorlu xarici siyasət strategiyası dayanır. Dövlət başçısının birbaşa təşəbbüsü və qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycan-İtaliya dialoqu dövlət və hökumət başçıları səviyyəsində – Prezident Sercio Mattarella və Baş nazir Ciorcia Meloni ilə qurulan yüksək etimada əsaslanan münasibətlər sayəsində davamlı inkişaf dinamikası qazanmışdır. Məhz Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi diplomatiya kursunun nəticəsidir ki, Azərbaycan bu gün İtaliyanın enerji bazarında yalnız xammal tədarükçüsü kimi deyil, həm də birbaşa investor, neft emalı müəssisələrinin və yanacaqdoldurma şəbəkələrinin sahibi kimi çıxış edərək strateji aktivlərə yiyələnmişdir. Bu amil ikitərəfli münasibətləri birtərəfli ticarət əlaqələrindən çıxararaq qarşılıqlı kapital qoyuluşuna və dərin iqtisadi inteqrasiyaya əsaslanan dayanıqlı ittifaqa çevirmişdir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində və sonrakı lokal antiterror tədbirlərində qazandığı tarixi hərbi-siyasi Zəfər Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq formalaşdırmaqla yanaşı, Bakı-Roma münasibətlərinin məzmununu və miqyasını da keyfiyyətcə yeni mərhələyə daşımışdır. Münaqişənin həlli və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyinin tam bərpası İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və infrastruktur layihələrinin icrası prosesinə fəal cəlb olunması üçün geniş imkanlar yaratmışdır. İtaliya münaqişə dövründə və postmünaqişə mərhələsində beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirən nadir Avropa dövlətlərindən biri kimi çıxış etmiş, rəsmi Roma Cənubi Qafqazdakı yeni status-kvonu qəbul edərək Azərbaycanı regional sabitliyin əsas qarantı kimi dəyərləndirmişdir. Bu yeni reallıq fonunda Azərbaycanın Avropa ilə Asiya arasında əsas nəqliyyat-logistika qovşağına çevrilməsi, Orta Dəhlizin və regional kommunikasiyaların, o cümlədən TRIPP kimi mühüm bağlantı layihələrinin aktuallığının artması İtaliyanın geoiqtisadi maraqları ilə tam uzlaşır.

İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin Bakıya səfəri və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də məhz bu strateji xəttin və formalaşmış yeni regional reallıqların məntiqi davamı kimi mühüm əhəmiyyət kəsb edir. Görüşdə İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunun bəyan edilməsi rəsmi Romanın Bakının beynəlxalq mövqelərinə verdiyi güclü siyasi dəstəyin göstəricisidir. Eyni zamanda İranda baş vermiş gərgin hadisələr zamanı İtaliyanın Tehrandakı diplomatik missiyasının Bakıda fəaliyyət göstərməsi üçün Azərbaycan tərəfindən yaradılan şəraitə görə bildirilən minnətdarlıq iki ölkə arasındakı münasibətlərin böhran vəziyyətlərində belə etibarlı sınaqdan çıxdığını təsdiqləyir. Bakıda İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması ilə möhkəmlənən bu strateji tərəfdaşlıq Prezident İlham Əliyevin liderliyi və Zəfərdən sonra yaranan yeni geosiyasi konfiqurasiya sayəsində Avrasiya diplomatiyasının ən uğurlu əməkdaşlıq nümunələrindən biri kimi çıxış edir”.

Əlaqəli Xəbərlər