Əli Hüseynli: Dövlət ehtiyacları üçün torpaqların alınması zamanı ədalətli kompensasiya ödənilməlidir
Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı dövlət ehtiyaclarının qanunla konkret sadalanması mülkiyyət hüquqlarının qorunmasına və mümkün mübahisələrin qarşısının alınmasına xidmət edir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı müzakirələri yüksək qiymətləndirir və məsələnin mülkiyyət hüququ ilə bağlı spesifik xarakter daşıdığını vurğulayıb.
Deputat qeyd edib ki, Konstitusiyada torpaq mülkiyyətinin yalnız dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur, bələdiyyə və ya özəl ehtiyaclar üçün belə bir müddəa yoxdur. Bununla belə, dövlət ehtiyacları üçün mülkiyyətin alınmasına yalnız ədalətli kompensasiya ödənilməsi şərtilə yol verilir.
Əli Hüseynli bildirib ki, qanunvericilikdə dövlət ehtiyaclarının konkret sadalanması mümkün mübahisələrin qarşısını almaq məqsədi daşıyır. Onun sözlərinə görə, dövlət ehtiyacları ümumi anlayışlarla müəyyən edilsəydi, torpağın hansı məqsədlə alındığı ilə bağlı tərəflər arasında mübahisələr yarana bilərdi.
“Əgər burda sadalanan hansısa bir fəaliyyət növü deyilsə, deyək ki, hava limanı salınmırsa, tramvay tikilmirsə və sairə göstərilən, avtomatik mübahisə predmeti yaranmır”, – deputat bildirib.
O vurğulayıb ki, dövlət ehtiyaclarının qanunda konkret göstərilməsi mülkiyyətçi ilə dövlət arasında münasibətləri aydınlaşdırır, eləcə də mümkün sui-istifadə hallarının qarşısını alır.
Komitə sədri əlavə edib ki, torpaqların dövlət ehtiyacları üçün alınması proseduru mütləq ədalətli kompensasiya əsasında həyata keçirilməlidir. Kompensasiyanın Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirildiyini deyən deputat, mülkiyyətçinin məbləğdən narazı qalacağı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğunu da xatırladıb.