Maraqlar toqquşmasına yol verən vəzifəli şəxslər vəzifədən azad edilə bilər
Azərbaycanda maraqlar toqquşması hallarına yol verən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların nəticələrinin aradan qaldırılması mexanizmləri müəyyənləşdirilir.
Operativ Media xəbər verir ki, “Maraqlar toqquşması haqqında” Qanun layihəsinə əsasən, maraqlar toqquşmasının aradan qaldırılması üçün bir sıra tədbirlər görülə bilər.
Bunlara vəzifəli şəxsin müvafiq məsələ üzrə qərar qəbulunda iştirakının məhdudlaşdırılması, vəzifə səlahiyyətlərinin dəyişdirilməsi, müəyyən xidməti vəzifələrin icrasından kənarlaşdırılması, başqa vəzifəyə keçirilməsi və aktivlərin özgəninkiləşdirilməsi daxildir.
Həmçinin maraqlar toqquşmasına səbəb olan kənar fəaliyyətə və ya işə xitam verilməsi, şəxsi marağın digər üsullarla aradan qaldırılması və vəzifəli şəxsin müəyyən məlumatlara çıxış imkanlarının məhdudlaşdırılması nəzərdə tutulur.
Bu tədbirlərin tətbiqi mümkün olmadıqda və qanunla müəyyən edilmiş şərtlər nəzərə alınmaqla vəzifəli şəxs vəzifədən azad edilə bilər.
Layihəyə görə, maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz və güzəştlər könüllü şəkildə dövlət nəfinə qaytarılmalıdır. Bundan imtina edildikdə, müvafiq qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həmin əmlak və ya onun dəyəri məcburi qaydada dövlət nəfinə alına bilər.
Bundan başqa, maraqlar toqquşması nəticəsində qəbul edilmiş aktlar qanunla müəyyən edilmiş qaydada ləğv edilə bilər.
Qanun layihəsində maraqlar toqquşması hallarına yol verən vəzifəli şəxslərin intizam, mülki, inzibati və cinayət məsuliyyəti daşıması da nəzərdə tutulur.
Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.