“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.
"Operativ Media"nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda müttəhim Şakirlinin vəkilləri müdafiə çıxışı ediblər.
Prosessual qaydaya görə daha sonra müttəhim son söz deyib və hökm oxunub.
O, çıxışında qəzada ölən dostunun ailəsindən üzr istəyir:
"Allah onsuz mənim cəzamı verib. Dostumun ailəsindən üzr istəyirəm. Hadisə ilə bağlı özümü təqsirli bilirəm. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəm. Ölən şəxs öz qardaşımdan seçilmir. Veriləcək hər cəzanı da çəkməyə hazıram".
Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Mütəllimov qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Mütəllimov idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Faktla bağlı cinayət işi başlanıb. “Nikosayağı”ya Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.






