Yanacağın qiymətinin artması hansı sahələrə təsir göstərir?

Nərmin Qocamanlı
Yanacağın qiymətinin artması hansı sahələrə təsir göstərir?

Tarif Şurasının yeni qərarına əsasən, Azərbaycanda yanacağın qiyməti artırılıb. Belə ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Bəs artırılan qiymətlər kənd təsərrüfatı istehsalına necə təsir edəcək?

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "Operativ Media"ya açıqlamasında bildirib ki, yanacağın qiymətinin qalxması ölkədə qeyri-neft sektoruna, ən azından iki istiqamətdə zərərli təsir göstərir:

"Bunlardan biri ilk növbədə, həmin yanacağın daxil olduğu istehsal prosesinin maya dəyərinin artmasıdır və bu maya dəyərinin artdıqca, həmin məhsul üzrə rəqabət qabiliyyətliyi aşağı düşür. Bu səbəbdən sözügedən məhsulun istehsalı, o cümlədən ixracı daha rəqabətə dayanıqsız olur və onu idxal əvəz edir. İkincisi isə yanacağın qiymətinin qalxması ölkədə ümumi qiymət səviyyəsinə təsir edir, yəni inflyasiyanı artırır və bu da qeyri-neft və qeyri-karbohidrogen sektorunda rəqabət qabiliyyəti aşağı salır. Bu səbəbdən yerli istehsalı yenə də idxal əvəz edir, ixrac isə yenə həmin sahədə azalır. Bunlara bütün ölkədəki istehsal sahələri, o cümlədən kənd təsərrüfatı daxildir".

Ekspert qeyd edib ki, yaşıl iqtisadiyyata keçid yanacağın qiymətinin qalxmasını tələb edir:

"Elektrik stansiyalarına verilən yanacaqların da qiyməti artmalıdır ki, alternativ yaşıl enerji növləri bu fonda iqtisadi baxımdan səmərəli ola bilsin. Bu, yaşıl enerji istifadəsinin zəruri şərtidir. Eyni zamanda, yanacağın qiymətinin qalxması həm də şəhər daxilində nəqliyyatın daha çox elektrik nəqliyyatına keçməklə havanın da çirkləndirilməsinin azaltmağına səbəb olacağını qeyd etmək olar. Bu baxımdan yanacağın qiyməti qaldırılması lazımi addımdır".

Sevinc İbrahimzadə

Digər xəbərlər