Yanvar-iyul aylarında hasil olunan neft və qazın həcmi açıqlanıb

Nərmin Qocamanlı
Yanvar-iyul aylarında hasil olunan neft və qazın həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard kuubmetr və yaxud 4,6 % çox - təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib.

"Operativ Media" Energetika Nazirliyə istinadən xəbər verir ki, bunun 7,7 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından, 16,5 milyard kubmetri “Şahdəniz” yatağından 0,9 milyard kubmetri "Abşeron" yatağından, 4,4 milyard kubmetri Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,7 % çoxdur. 7 ay ərzində Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.

AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2024-cü il tarixinədək 641,4 milyon ton neft (kondensatla birlikdə), 449,5 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 594,4 milyon ton neft, 224 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 225,5 milyard kubmetr qaz, 47 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 639,5 milyon ton neft (kondensatla birlikdə), təxminən 160,7 milyard kubmetrə yaxın qaz ixraca nəql edilib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 16,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyinin məlumatına görə, onun 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,5 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,3 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür.

7 ay ərzində ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.

2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.

Digər xəbərlər