"Bakıda ucuz kirayə mənzillər əlçatan olmayacaq” - EKSPERT
Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytaxt Bakıda kirayə mənzillər bahalaşıb. Yeni tədris ilinin başlamasına az müddət qalmış tələbələr arasında ən çox müzakirə olunan mövzu Bakı şəhərində kirayə mənzil qiymətləridir. Tələbələrin Bakıya gəlməyə hazırlaşdığı bir vaxtda kirayə qiymətlərində artım müşahidə edilir.
Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?
Məsələ ilə bağlı "Operativ Media"ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mənzillərin kirayə qiymətləri onların satış dəyəri ilə hesablanır. 
"Hər il avqust ayının sonundan başlayaraq, sentyabr ayının birinci yarısına qədər xüsusi ilə paytaxt Bakıda və digər böyük şəhərlərdə kirayə mənzillərə təlabat həddindən çox artır. Bu daha çox tələbələrin təhsil almaq üçün paytaxt Bakıya və digər böyük şəhərlərə üz tutması ilə əlaqədardır. Təlabat artdıqca, mənzil sayı azalır və qiymətlərdə artımlar müşahidə olunur.
Mənzillərin kirayə qiymətləri onların satış dəyəri ilə hesablanır. Daşınmaz əmlakların satış qiymətində artım müşahidə olunduqca, bu kirayə qiymətlərinə də təsir edir".
Ekspert kirayə qiymətlərinin baha olmasının səbəblərinə aydınlıq gətirib:
"Paytaxtda 2016-cı ildən köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlərin sökülmə prosesi başladı. Bununla da ucuz kirayə mənzillərin böyük bir hissəsi sökülərək, yeni binalarla əvəz olundu. Sökülən binaların sakinləri də uzun müddət kirayə qalmağa məcbur olub. Eyni zamanda köhnə mənzillərin yerinə tikilən binalarda kirayə qiyməti əvvəlkinə nisbətən 2 dəfəyə yaxın baha qiymətə təklif olunmağa başladı. Yaxın gələcəkdə paytaxt ərazində ucuz kirayə mənzillər həm tələbələr, həm də sakinlər üçün əlçatan olmayacaq”.
Universitetlərin yataqxana məsələsinə də toxunan ekspert bildirib ki, köhnə yataqxanaların sökülərək, daha müasirləri ilə əvəz olunması tələbələrin böyük bir hissəsinin ev problemini aradan qalxacaq:
"1990-cı illərə qədər hər bi ali təhsil müəssisəsinin və kolleclərin yataqxanaları demək olar ki, mövcud idi. Bölgələrədən gələn tələbələr bu yataqxanalarda qalırdı. I Qarabağ müharibəsindən sonra məcburi köçkünlərimizin böyük bir hissəsi bu yataqxanalarda məskunlaşdı. Artıq bu vətəndaşlarımızın bir çoxu mənzillə təmin olunub. Eyni zamanda 4 ilə yaxın bir müddətdir ki, işğaldan azad olunmuş Qarabağda tikinti bərpa işləri gedir. Vətəndaşlarımız öz doğma yurdlarına geri dönürlər.
Həmin yataqxanalar yaşayış üçün yararsızdır. Tələbələrin həmin yataqxanarda qalması həyatları üçün təhlükə mənbəyi ola bilər. Bu yataqxanalar universitetlərə çox yaxın məsafədə yerləşir. Düşünürəm ki, yaxın gələcəkdə köhnə yataqxanalar sökülərək, daha müasirləri ilə əvəz olunacaq. Bu zaman tələbələrin böyük bir hissəsinin ev problemini aradan qalxar".