Azərbaycanda balıq qiymətləri bahalaşacaq?

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Qərara əsasən, 30 iyun 2026-cı ilə qədər Azərbaycana idxal olunacaq bir sıra diri və soyudulmuş balıq növlərinə 15 %-lik gömrük rüsumu tətbiq ediləcək, eləcə də təhlükəsizlik məqsədi daşıyan ayaqqabıların idxalına tətbiq olunan 15 %-lik gömrük rüsumu 1 cüt üçün 9 ABŞ dolları ilə əvəzlənəcək.
Bəs 15 %-lik gömrük rüsumu qiymətlə necə təsir edəcək?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli “Operativ Media”ya açıqlama verib.
İqtisadçı bildirib ki, bu rüsum birbaşa olaraq balıq qiymətlərini bahalaşdıracaq:
“Balıq məhsullarına 15 faizlik gömrük rüsumunun tətbiq edilməsi birmənalı olaraq qiyməti artıran faktordur. Ölkəyə idxal olunan balıq məhsulları ən azı 15 faiz bahalaçacaq. Təbii ki, bu artımın faydalı olacağı şəxslər də var. İlk olaraq yerli balıqçılar bu rüsumdan faydalanacaq. Yerli balıq təsərrüfatı daha da artacaq. Çünki rəqib məhsular bahalaşmış olacaq. Yerli balıq daha çox satılacaq.
Bu da öz növbəsində yerli balıqların da qiymətinə təsir edəcək. Yəni, diri və soyudulmuş balıq növlərinə tətbiq olunacaq 15 %-lik gömrük rüsumu həm xaricdən gələn, həm də yerli balıqların qiymətini bahalaşdıracaq.
Yerli balıqçılar daha çox və daha baha məhsul satacaq. Ümumiyyətlə bilmək lazımdır ki, idxal vergilərinin artırılması qiyməti bahalaşdıran əsas faktordur. Bu dəyişiklikdən qazanclı çıxan digər tərəf dövlətdir. Rüsum artdığı üçün dövlətin hesabına gələn məbləğ də artacaq. Sadəcə olaraq vətəndaş bu məsələdən əziyyətçəkəcək. Vətəndaş bundan sonra balıq məhsulunu daha baha almaq məcburiyyətində qalacaq".