Havalar soyuduqca istilik sistemlərinə olan tələbat artır. Bakıda evi isitmək üçün daha çox kombilərdən istifadə olunur. Qiymətlər isə 600 AZN-dən başlayaraq 10 000 AZN-ə qədər dəyişir.
"Operativ Media" xəbər verir ki, kombilərin ortalama qiymətləri aşağıdakı kimidir:
24-lük kombi - bu kombilərin gücü 24 kilovata bərabərdir. Qiyməti isə 600-700 azn-dən başlayır.
28-lik kombi - gücü 28 kilovat olan bu kombilərin qiyməti 900 manatdan başlayır.
32-lik kombi - güc 32 kilovat, qiyməti 1200 manatdan başlayır.
35-lik kombi - gücü 35 kilovat, qiyməti 1400 manatdan başlayır, 2300 qədər qalxır.
Kombinin kilovatı artdıqca qiyməti də artır. Eyni zamanda kombinin markası da qiymətə təsir göstərir. Satışda 1500 kvadrat metr sahəni isidə bilən, qazan tipli kombilər də var. Qiyməti 9 min manatdan daha baha olan bu kombilərin gücü 150 kilovatdır.
Məsələ ilə bağlı "Operativ Media” ya danışan kombi ustası bildirib ki, son iki ildə ölkəmizə xeyli sayda yararsız kombi gətirilib:
“Ölkəmizə son iki ildə xeyli sayda yararsız kombi aparatları gətirilib. Hazırda satışda olan kombilərin bir çoxu əldə qayırma, yararsız, bir ildən sonra işləməyəcək məhsullardır. Sahibkarlar kombinin detallarını keyfiyyətsiz materialdan hazırlayır. Bu məhsulunun maya dəyərini salır və sahibkara ucuz başa gəlir. Bakıya gələndə isə xeyli gəlir əldə etmiş olur.
Hazırda bir çox böyük mağazada 600-800 manata satılan kombilərin çoxu yararsızdır və tez xarab olacaq məhsullardır. Həmin mağazalarda yaxşı kombilər də var. Amma onların qiyməti 3 və ya 4 min manatdan başlayır.
Kombi satışı ilə məşğul olan şəxslər hər biri məhsula bir illik zəmanət verir. Amma elə bir il tamam olduqdan sonra, kombilərdə problem yaranmağa başlayır”.
Usta bir evin isidilməsi üçün vətəndaşın ən azı 2000 – 2500 xərcinin çıxdığını bildirib:
“Evə çəkilən radiatorlara gəldikdə isə, onların birinin qiyməti 10-15 AZN-dir. Radiatorların qiymətini aşağı salmaq üçün onun kilosunu azaldıblar. Tutaq ki, əvvəl bir hissə 1 kilo gəlirdisə, indi 500 qram gəlir. Yəni materialı nazikləşdiriblər. Qiyməti isə 8-10 AZN-dir. Vətəndaş daha ucuz başa gəlsin deyə, bu radiatorlara üstünlük verir. Amma həmin radiatorları ömrü 1-2 il olur.
Ustanın əmək haqqı demək olar ki, standartdır. Hər qoyulan radiator üçün usta 50 - 70 azn əmək haqqı tələb edir. Bunların hamsını nəzər alaraq deyə bilərik ki, 70 kvadrat metr evi istiliklə təmin etmək üçün vətəndəşa ən azı 2000 - 2500 pul lazımdır.Təbii ki, bu qiymət materialın qiymətinə görə dəyişir".