Universitetlər onlayn dərslərə hazırdır? -SORĞU

COP29 tədbiri yaxınlaşır. COP29 keçiriləcəyi 11 - 22 noyabr tarixlərində Bakı, Sumqayıt və Abşeronda ali təhsil müəsisələrində tədris onlayn şəkildə həyata keçiriləcək.
Bəs universitetlər onlayn dərslərə hazırdırmı?
“Operativ Media” məsələ ilə bağlı universitetlərə sorğu ünvanlayıb.
Bakı Dövlət Universitetindən bildirilib ki, COP29 ərəfəsində onlayn tədris prosesinə yüksək səviyyədə hazırdır:
“2021-ci ildən BDU-da "Blackboard" rəqəmsal tədris platformasının tətbiqinə başlanılıb. Həmin tətbiq vasitəsilə pandemiya dönəmində uğurla dərslər həyata keçirib. COP29 günlərində onlayn tədris də bu sistem vasitəsilə həyata keçiriləcək”.
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) sorğuya cavab olaraq bildirdilər ki, distant tədris prosesi 18 850 tələbə və 1075 müəllimi əhatə edəcək:
"Hazırda UNEC-də qeyri-ixtisas fənləri sinxron olaraq onlayn keçirilir, həmçinin assinxron distant dərslərin təşkili ilə bağlı da geniş işlər görülür. İxtisas fənlərinin 3000-dən artıq video dərsləri və 1000-dən artıq audio formatda elektron dərsliklər müəllimlər tərəfindən hazırlanıb müəllim kabinetlərinə yerləşdirilmişdir. Həmçinin tələbələrimiz elektron kabinetlərindən bütün tədris materialları, mühazirə materialları və sınaq suallarını əldə etmək imkanlarına malikdirlər.
UNEC-də distant tədrisin inkişafı məqsədilə müəllimlər üçün müxtəlif təlimlər təşkil olunmuş, tələbələrə isə distant dərslərə qoşulma qaydaları ilə bağlı təlimatlar təqdim edilmişdir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) noyabr ayinin 11-22 tarixlərində ölkəmizdə baş tutacaq COP29 ərəfəsində bütün dərsləri dərs cədvəlində heç bir dəyişiklik etmədən onlayn formada keçirəcəkdir. Bu məqsədlə zəruri hazırlıq işləri aparılmaqda və tədbirlər görülməkdədir. Müəllimlərimizin evdən dərslərə qoşulması üçün bütün texniki tələblər təmin olunmuşdur. Ehtiyac yarandığı halda, müəllimlər universitetdən dərslərə qoşulmaq imkanına da malik olacaqlar. Tələbələr isə yaşadıqları yerləri tərk etmədən mühazirə və seminar dərslərinə onlayn rejimdə rahat qoşula biləcəklər.
Bu prosesin idarə olunması məqsədilə inzibati heyətin 80%-dən çoxu öz işlərini evdən davam etdirəcəkdir. Dərslər üç növbədə təşkil ediləcək və həm bakalavr, həm də magistratura səviyyəsində təhsil alan tələbələri əhatə edəcəkdir. Ümumilikdə, distant tədris prosesi 18 850 tələbə və 1075 müəllimi əhatə edəcək".
Azərbaycan Texniki universitetindən bildirilib ki, universitet onlayn tədris prosesinə tam hazırdır:
“COP29 tədbirləri zamanı dərslər onlayn keçiriləcək. AzTU artıq pandemiya dönəmindən onlayn tədris təcrübəsini uğurla həyata keçirib. Ona görə də universitet olaraq onlayn tədris prosesinə tam hazırdır. Bunun üçün bütün imkanlar mövcuddur. Dərslər "Microsoft teams" platforması üzərindən keçiriləcək. Cədvəldə heç bir dəyişiklik edilməyib”.
Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbə və müəllimlərin korporativ hesablarının tam işlək vəziyyətdə olduğunu bildirib:
“Bu dövrdə ADPU-da dərslər "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq. Bunun üçün bütün lazımi infrastruktur mövcuddur. Tələbə və müəllimlərin korporativ hesabları tam işlək vəziyyətdədir. Bununla belə, proses zamanı yaranacaq hər hansı problemlərə qarşı qabaqlayıcı tədbirlər görmək üçün artıq test rejimində onlayn qruplarda dərslərin təşkili prosesi yoxlanılır. Qeyd edək ki, COP29 dövründə ADPU-da onlayn dərslər adi dərs qrafikinə uyğun olaraq eyni saatlarda təşkil olunacaq”.
Bakı Slavyan universitetindən bildirilib ki, dərslərin distant şəkildə tədrisi üçün bütün lazımi tədbirlər görülüb və şərait yaradılıb:
“Bakıda keçiriləcək COP29 konfransı ilə əlaqədar Bakı Slavyan Universitetində də distant formada təhsilə keçid ediləcəkdir. BSU onlayn tədris prosesinə yüksək səviyyədə hazırdır. Bununla bağlı artıq akademik heyət və tələbələrlə maarifləndirmə işləri aparılıb. Professor-müəllim heyəti və təhsilalanların "Microsoft Teams" platformasında təşkil ediləcək dərslərə girişinin təmin edilməsi üçün login-parollar işlək vəziyyətə gətirilib. Dərslərin distant şəkildə tədrisi üçün bütün lazımi tədbirlər görülüb və şərait yaradılıb”.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, tələbələrin onlayn dərslərə qoşulması ilə bağlı probleminin olub-olmaması ilə bağlı məlumatlar əldə edilib:
"Bildiyimiz kimi COVID-19 pandemiyası zamanı ölkəmizdəki ali təhsil müəssisələrində, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universitetində də tədris onlayn şəkildə təşkil olunmuşdu. 12-22 noyabr COP29 konfransı ilə əlaqəli olaraq bütün universitetlərdə eləcə də AZMİU-da dərslər onlayn şəkildə tədris olunacaq. Bununla bağlı universitet rəhbərliyi tərəfindən fakültə və kafedralara tapşırıqlar verilib. Tədrisə yeni cəlb olunan müəllimlərin İKT bilikləri yoxlanılıb. Həmin şəxslərə universitetin elektron sistemi və onlayn tədris zamanı lazım olacaq proqramlarla bağlı məlumat verilib. Tələbələrin onlayn dərslərə qoşulması ilə bağlı probleminin olub-olmaması ilə bağlı məlumatlar əldə edilib”.
Azərbaycan Dillər universitetindən bildirilib ki, COP29 ərəfəsində dərslər "Microsoft Teams" proqramı vasitəsi ilə tədris olunacaq:
“12-22 noyabr tarixlərində COP29 konfransı ilə əlaqədar ADU-da tədris onlayn şəkildə davam etdiriləcək. Hazırda bu məsələ ilə bağlı hazırlıqlar davam edir. Bildiyiniz kimi pandemiya dövrü zamanı uzun bir müddət onlayn şəkildə dərslər keçirilmişdi. 11-22 noyabr ərəfəsində dərslər “Microsoft Teams” proqramı ilə həyata keçiriləcək”.
Azərbaycan Kooperasiya Universitetindən bildirilib ki, universitet COP29 ərəfəsində dərslərin onlayn şəkildə təşkilinə tam hazırdır:
“Azərbaycan Kooperasiya Universiteti COP29 ərəfəsində dərslərin onlayn şəkildə təşkilinə tam hazırdır. Dərslər universitetimizdə "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq. Bununla bağlı həm universitetimizdə, həm də kollecdə tədbirlər görülüb. Müəyyən tapşırıqlar verilib. Nazirlər kabinetinin, Elm və Təhsil nazirliyinin qərarlarına, eləcə də rektorun əmrlərinə uyğun olaraq proses həyata keçiriləcək. Bütün tədris proqramı onlayn formata uyğunlaşdırılıb".
Bakı Mühəndislik Universitetində isə dərslər "Google Classroom LMS" (Learning Managament System) və ona bağlı "Google-nin Hangouts" video konfrans tətbiqi vasitəsilə həyata keçiriləcək:
“Bakı Mühəndislik Universiteti Elektron İdarəetmə Sisteminə malik ali təhsil ocağıdır. Nəzərə almaq lazımdır ki, COVID-19 pandemiyası zamanı BMU-da onlayn dərslər uğurla keçirilib və bu sahədə təcrübə mövcuddur.
Dərslərin "Google Classroom LMS" (Learning Managament System) və ona bağlı "Google-nin Hangouts" video konfrans tətbiqi vasitəsilə tədrisi üçün BMU-da hər cür şərait var və fənlərin sillabusları, dərs materialları, slaydları, bu platformaya yüklənib. Onlayn dərslərin təşkili və aparılması üzrə metodiki işlər aparılıb. BMU tələbələrinin bu platformadan istifadəsi üçün müvafiq məlumatlandırma işlərini davam etdirilməkdədir”.