Azər Həsrət: Televiziya kanallarının rəhbərləri və Audiovizual Şura təcili olaraq bir yerə toplaşmalı və geniş müzakirə təşkil etməlidir

Xəbər verdiyimiz kimi, artıq iki gündür “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində özünü şair kimi təqdim edən tiktoker İlhamə Elşadqızı da saxlanılıb.
Maraqlı bir haldır ki, İlhamə Elşadqızı və onun kimi bir çox şəxs özünü “ekspert” kimi qələmə verərək, Azərbaycan televiziyalarında qonaq qismində iştirak ediblər və müxtəlif mövzuları müzakirə ediblər. Bu zaman ortaya belə bir sual çıxır: Bu şəxslər Azərbaycan televiziyalarında “ekspert” kimi necə çıxış edirlər?
Məsələ ilə bağlı media eksperti Azər Həsrət “Operativ Media”ya açıqlama verib.
O bildirib ki, bu cür şəxslərin saxlanılması, əlbəttə ki, profilaktika baxımından səmərəli olacaq: “Bu hal, başqalarına da dərs olacaq ki, hədlərini, sözlərini və yerlərini bilsinlər. Təbii ki, tiktokerlərin saxlanılması, ekspert adı ilə efirə çıxıb haray və qışqırıq salan, çərçilik edənlərə də diqqət çəkəcək. Hər kəs təbii olaraq sual verir ki, bəs onlara qarşı niyə tədbir görülmür?
Verilişlərdəki "ekspertlər" ilə bağlı tədbirlərin görülməsi, hər şeydən əvvəl, televiziya kanallarının öz işidir. Onlar seçimlərində diqqətli olmalıdırlar. Əgər televiziya kanalları bu məsələdə diqqətli deyilsə, Audiovizual Şura üzərinə müəyyən vəzifələr düşür. Bu qurum daimi müşahidələr aparmalıdır. Bu kimi şəxslərin efirdə olması və üstəlik "ekspert" kimi təqdim edilməsinin qarşısı alınmalıdır.”
Azər Həsrət qeyd edib ki, televiziya kanallarının rəhbərləri və Audiovizual Şura təcili olaraq bir yerə toplaşmalıdır:
“Təəssüflər olsun ki, biz artıq uzun illərdir bu problemin üzərində dayanırıq, həyəcan təbili çalırıq. Amma nə Audiovizual Şura, nə də televiziya kanalları bu çağırışlarımıza diqqət etmir. Ona görə də artıq dövlət hərəkətə keçmək məcburiyyətində qalıb. Hazırda sosial mediada bu cür zərərli fəaliyyətlərlə məşğul olan şəxslərlə bağlı müəyyən tədbirlər görülür, bir müddət sonra televiziyalarda da bu məsələyə diqqət ediləcək.
Televiziya kanallarının rəhbərləri və Audiovizual Şura təcili olaraq bir yerə toplaşmalı və geniş müzakirə təşkil etməlidir. Audiovizual Şura televiziya rəhbərləri, bu məsələlərlə məşğul olan mütəxəssislər, ictimai fəallar və digər maraqlı tərəfləri toplayıb çox geniş bir müzakirə aparmalıdır. Həmin müzakirədə biz də öz fikrimizi bildirməliyik.
Nə vaxta qədər bu cür düşüklük, səviyyəsizlik və hətta çox vaxt tərbiyəsizlik nümayiş etdirən verilişlər və "ekspertlər" bizim evlərimizə qonaq olacaq?!
Məhz belə adamlara görə Azərbaycan əhalisinin böyük əksəriyyəti kanallarımıza baxmır. Bu isə artıq dövlət təhlükəsizliyi məsələsidir. Rusiya, Türkiyə və ya başqa ölkələrin kanallarına baxırlar. Amma o kanallarda da belə məsələlər az deyil. Elə buna görə də dövlət təhlükəsizliyi məsələsinin kökündən həll edilməsi üçün Audiovizual Şura hərəkətə keçməlidir. Biz ictimaiyyət nümayəndələri olaraq onlara dəstək verməyə hazırıq.
Bunu bilmək lazımdır ki, hər şey pulla ölçülmür. Bəzən televiziya rəhbərləri deyir ki, həmin verilişlər və şəxslər bizə gəlir gətirir. Əgər biz hər şeyi pula satırıqsa, daha nə olsun! Hər şey pul üçün ola bilməz. Əlavə 5-10 manat qazanmaq üçün millətin mənəviyyatını və əxlaqını kökündən pozmaq əlbəttə ki, olmaz.”