
Kurban Berdıyev maaşının bir hissəsini kluba xərcləyir.
"Operativ Media" xəbər verir ki, bunu "Turan Tovuz" klubunun prezidenti Ehtiram Quliyev jurnalist Azər İsmayılın yutub kanalına müsahibə verərkən deyib.
O, Kurban Berdıyevlə maliyyə məsələlərinin ən sonda danışıldığını bildirib.
"Kurban Berdıyev klubun əvəzedicilərinin bir oyununu belə buraxmır. Bizimlə danışıqlarda Kurban Berdıyev maliyyə məsələsini danışmadı. Biz onun agentinə müqavilə bağlamaq üçün bir məbləğ demişdik. Agent isə ona zəng edib "azərbaycanlılar bu qədər deyirlər, bəlkə məbləği bir az qaldıraq?".O isə cavabında bildirib ki, "Klub bunu deyirsə, deməli buna gücü çatır, ayıbdır".
Səmimi deyirəm, o, maaşının bir hissəsini də klubun ehtiyacları üçün xərcləyir. Biz israrla buna qarşı gəlirik, amma bizim də xəbərimiz olmadan klub üçün bəzi şeylər alır verir, hansısa əməkdaşa dəstək olur. Çox fərqli bir insandır. Bu bizim futbolumuz üçün, "Turan Tovuz" üçün böyük bir tapıntıdır".