Kadi Borqes: "Qarabağ" Romaonun qarşılığında pul yox, sadəcə, məni istəyib"
"Qarabağ" Romaonun qarşılığında pul yox, sadəcə, məni istəyib.
"Operativ Media" xəbər verir ki, bunu Macarıstan mətbuatına transferi haqqinda açıqlama verən Kadi Borqes deyib.
O, son ana qədər bu transferdən xəbərsiz olduğunu bildirib.
"Evdə ertəsi gün Macarıstan çempionatında baş tutacaq növbəti oyuna hazırlaşırdım. İdman direktorumuz Tamaş Haynaldan gələn zəng məni xeyli təəccübləndirdi. O, "Ferentsvaroş"dan ayrılmaq istəmədiyim halda, məndən başqa komandaya keçmək istəyib-istəmədimi soruşdu. Cavabım belə oldu: klubum və mənim üçün faydalı olacaqsa, bəli. Bundan sonra danışıqlar prosesinin başlayacağını düşünürdüm. Sən demə, hər şey artıq son mərhələdəymiş. Dərhal menecerimə zəng etdim. O məsələdən xəbərdar olmadığını dedi. Mən hələ də hadisələrin səbəbini başa düşməmişəm. Hər şey bir anda baş verdi"
Braziliyalı futbolçu "Qarabağ"a dəyər verdiyini də deyib.
Qısası, "Qarabağ"a keçidim "Ferentsvaroş"un qərarıdı. Komandadan ayrılmaq üçün heç bir səbəbim yox idi. Yayda gəlmişdim və uzunmüddətli müqavilə imzalamışdım. Danışıqlar yalnız klublar arasında baş tutdu. Sonradan öyrəndim ki, Julio Romaoyla danışıqlar başlayıb və onunla dəyişdirilirəm. "Qarabağ" Romaonun qarşılığında pul yox, sadəcə, məni istəyib. Mən "Ferentsvaroş"un arxa qapısından qaçmadım. Ordan başıuca ayrıldım. Bu komandada özümü çox yaxşı hiss edirdim. Bilirəm ki, statistikam yaxşıdı və həmin rəqəmlər yalan danışmır. Bəlkə də hamısı səhvdi və mən futbol haqda nəsə bilmirəm. Yəqin ki, "Qarabağ"la "Ferentsvaroş"un belə qərar verməsi hər ikisi üçün yaxşıdı. "Ferentsvaroş"u tərk etmək məcburiyyətində qalsam da, "Qarabağ"a dəyər verirəm və hörmət edirəm. Burda xoşbəxt olacam".
Qeyd edək ki, "Qarabağ" Kadi Borqeslə 4 illik müqavilə imzalayıb.