Rəşad Sadıqov: "Legioner limiti ilə bağlı daha çox danışmalı adam Fernandu Santuş olmalıdır"
.Klub məşqçiləri üçün legioner limitinin ləğvi sərfəlidir.
"Operativ Media" xəbər verir ki, bunu "CBC Sport"da yayımlanan "90 dəqiqə" verilişində qonaq olan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Rəşad Sadıqov legioner limitinin tam ləğv olunacağını gözləmədiyini bildirib.
"Limitin tamamilə ləğv olunması mənim üçün gözlənilməz oldu. Mən təxminən 8+3 və ya 9+2 formatında bir dəyişiklik olacağını düşünürdüm. Həmçinin, limitin mərhələli şəkildə aradan qaldırılacağını gözləyirdim. Şübhəsiz ki, vəziyyət təhlil edilib, müəyyən arqumentlər nəzərə alınıb və futbolumuzun gələcəyi üçün daha faydalı olması məqsədilə belə bir qərar qəbul edilib".
O, klub məşqçiləri üçün limitin ləğvinin sərfəli olduğunu qeyd edib.
"Klub məşqçiləri üçün limitin ləğvi sərfəlidir. Burada məsələ yerli futbolçuların komandada yer alıb-almaması deyil, heyətin formalaşdırılmasıdır. İtkilər və zədələr zamanı artıq "yerli futbolçu oynadacam, yoxsa legioner?" kimi problemlərlə baş sındırmağa ehtiyac qalmır. Klub məşqçiləri həm seleksiya prosesini daha rahat həyata keçirə, həm də heyəti daha çevik şəkildə formalaşdıra biləcəklər. Bu, bizim işimizi asanlaşdırır.
"Zirə"nin baş məşqçisi bu məsələ ilə bağlı narahatlığını da dilə gətirib.
"Bununla belə, bir azərbaycanlı mütəxəssis və uzun illər millinin kapitanı kimi məni narahat edən əsas məqam bu qərarın futbolumuza təsirinin necə olacağıdır. Bunun nəticələrini zaman göstərəcək. Məsələn, hazırda "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə" klublarında aparıcı rol oynayan futbolçular var. Onlar birdən əsas heyətdə yerlərini itirsələr, vəziyyət necə olacaq? Üstəlik, həmin oyunçular milli komandanın da üzvləridir.
Rəşad Sadıqov bu qərarın milli komandaya təsirindən də danışıb.
"Düşünürəm ki, bu məsələdə daha çox danışmalı adam millinin baş məşqçisi olmalıdır. O, vəziyyəti necə görür? Bu qərarın milli komandaya və gənc futbolçuların inkişafına təsiri necə olacaq? Əgər mən millinin baş məşqçisi olsaydım, legioner limitinin ləğvinə mənfi yanaşardım. Lakin əgər yerli futbolçularımızın əksəriyyəti legioner həyatı yaşayırsa, o zaman narahat olmazdım. Bu mövzuya tək bir sualla cavab vermək mümkün deyil, çünki çoxşaxəli bir məsələdir və hərtərəfli müzakirə tələb edir".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin son iclasında Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsi qərarı qəbul edilib.