Menyu

Rövşən Hüseynli: "Əslində məsələ komanda daxilində idi, sirr olaraq qalmalıydı"

Əziz Əzizli
Rövşən Hüseynli: "Əslində məsələ komanda daxilində idi, sirr olaraq qalmalıydı"

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli son günlər onunla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli qolkiper məsələnin böyüməsinə və ictimailəşməsinə təəccübləndiyini deyib:

"Əslində məsələ komanda daxilində baş vermişdi və komandanın sirri idi. Daxildə qalmasının tərəfdarı idim. Amma açığı, bu məsələnin bu qədər böyüməsi və jurnalistlərin marağının bu dərəcədə çox olması mənə təəccüblü gəldi. Son 4 mövsümdür legioner həyatı yaşayıram və bir çox uğurlu nəticələrim olub – Qazaxıstan çempionatında mövsümün Top-5 heyətində yer almışam, ən yaxşı qapıçı, turun oyunçusu, bir oyunda edilən ən çox seyv nominasiyaları, hətta qapıçı olsam da dubla imza atmışam, fərqli oyunlarda qollar və assistlər etmişəm. Hazırkı çempionatda da son tura qədər qapıçılar arasında qol+assist sistemində lider idim. Bütün bu müsbət nəticələrə baxmayaraq, barəmdə maraqlanan olmadı. Əvəzində 'Rövşən intizamsızlıq edib' xəbərləri yayıldı, zəng və SMS-lərin sayını unutmuşam.

Hüseynli keçmişdə baş məşqçi Alesio ilə yaşanan məsələdə də sakitliyini qoruduğunu bildirib:

"Hər bir komandanın daxilində müəyyən problemlər olur. Amma görürəm ki, bu gün yenə həmin məsələ gündəmə gətirilib. Ad qoyublar ki, guya Rövşən Hüseynli millidə kapitanlığa görə söz-söhbət yaradıb. Halbuki əvvəldən müəyyən narazılıqlar var idi. Sadəcə, həmin gün səbrim daşdı və vətənə, bayrağa, himnə, əynimdəki formaya olan hörmətimə görə narazılığımı bildirdim. Bunu həmin vaxt mənimlə birgə soyunub-geyinmə otağında olan hər bir futbolçu təsdiq edə bilər."

Milli düşərgəyə qoşulmaması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirən qolkiper bunları əlavə edib:

"20 illik ümumi, 16 illik peşəkar karyeramda çalışdığım heç bir rəhbər, məşqçi, idarə heyəti və futbolçu yoldaşım deyə bilməz ki, Rövşən bir dəfə olsun intizamsızlıq edib. Hazırda yaşananlarla bağlı qeyd edim ki, milli komanda 6 aprel saat 12:00-da məşqdən sonra bazaya yerləşib. Mən isə klubumla 4 və 5 aprel tarixlərində əsas heyətdə oyuna çıxmışam. 6 apreldə klubda bərpa prosesi planlaşdırılmışdı və 7 aprel tarixindən milli düşərgəyə qoşulmalı idim. Klub rəhbərliyi və məşqçilərlə danışaraq anlayışla qarşılandım və bu prosesdən azad olundum. Ailəmə vaxt ayırmaq üçün 5 aprel gecə reysi ilə – artıq 6 aprel saat 03:00-da Astanadan Bakıya yola düşdüm və səhər saatlarında evə çatdım. Axşam saat 21:00-23:00 məşqində iştirak etdim. Məşqdən sonra yaxınlaşıb vəziyyəti izah etdim və sabahkı 12:00 məşqinə qoşulmaq istədiyimi bildirdim. Lakin mənfi cavab aldım. Mən də səbəblərimi əsas gətirib anlayış gözlədim və evə getdim. Daha yaxşı hazırlaşmaq üçün tez gəldiyim halda, indi intizamsızlıqla ittiham olunuram."

Rövşən Hüseynli açıqlamasının sonunda yenə də milliyə xidmətə hazır olduğunu bildirib:

 "Hər zaman millidə ləyaqətlə xidmət etmişəm və dəvət olunduğum müddətdə də bunu davam etdirəcəyəm. Uğurlar, millim!"

Teqlər:

"R\u00f6v\u015f\u0259n H\u00fcseynli: \"\u018fslind\u0259 m\u0259s\u0259l\u0259 komanda daxilind\u0259 idi sirr olaraq qalmal\u0131yd\u0131\""

Əlaqəli Xəbərlər