Qızılın qiyməti artmağa davam edəcək?

Nərmin Qocamanlı
Qızılın qiyməti artmağa davam edəcək?
İqtisadçı ekspert bildirib ki, proqnozlara əsasən, dünya iqtisadiyyatında aydınlıq yaranmayana qədər qızıla olan tələbat yüksək olaraq qalacaq.

"Qızılın qiymətinin artmasının əsas səbəbi dünyada hökm sürən iqtisadi və siyasi qeyri-müəyyənlikdir. Tarix boyu müşahidə olunan bir tendensiyadır ki, iqtisadi dalğalanmalar, böhranlar və riskli dövrlərdə investorlar təhlükəsiz liman hesab edilən qızıla yönəlirlər. Qızılın dəyərini sabit saxlayan əsas xüsusiyyətlərdən biri də onun qorunaqlı aktiv olmasıdır".

Bu sözləri Operativ Media-ya Azərbaycan REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, son aylar ərzində dünyada iqtisadi perspektivlər qeyri-müəyyən olaraq qalır: "Səhim bazarlarında dalğalanmaların güclənməsi fonunda bir çox investorlar öz vəsaitlərini bu bazarlardan çıxararaq qızıla yatırmağa başlayıblar. Bu, biznesin "önünü görmədiyi" vəziyyətlərdə təbii reaksiya kimi qiymətləndirilə bilər.

Hazırda bir çox suallar açıq qalır: davam edən regional müharibələr necə sonlanacaq? Dünya iqtisadiyyatı resessiyaya uğrayacaqmı, yoxsa yenidən artım mərhələsinə qədəm qoyacaq? Səhim bazarlarında sabitlik nə zaman bərpa olunacaq? Bu kimi sualların cavabları bəlli olmadığı üçün investorlar ehtiyatlı davranaraq ən etibarlı sərmayə yönü kimi qızılı seçirlər.

Proqnozlara əsasən, dünya iqtisadiyyatında aydınlıq yaranmayana qədər qızıla olan tələbat yüksək olaraq qalacaq. Ancaq bu prosesin daim belə davam edəcəyini söyləmək olmaz. Əgər gələcəkdə iqtisadi sabitlik və proqnozlaşdırıla bilən investisiya mühiti formalaşarsa, investorların bir hissəsi qızıldan çıxaraq yenidən səhm bazarlarına yönələ bilər".

Xeyrənsə Ramilqızı

Digər xəbərlər