Fərqli milliləri seçən ata və oğul futbolçular - Badri və Kviça Kvaratsxeliya da siyahıdadır

Azarkeşlər ata-oğul, qardaş başda olmaqla, qohumların eyni idman növünü seçərək bir-birlərinə ya komanda yoldaşı, ya da rəqib olmalarına artıq kifayət qədər öyrəşiblər. Lakin eyni ailədən iki üzvün fərqli milli komandaları seçməsi olduqca nadir hallarda baş verir.
Operativ Media xəbər verir ki, bunun son nümunəsi isə futbol tarixinin ən uğurlu qapıçılarından biri hesab olunan italyan əfsanəsi Canluici Buffon və onun oğlu Lui Tomas Buffon oldu.
Çex model Alena Seredova ilə evli olan əfsanəvi qapıçının böyük oğlu Lui Tomasın milli komanda seçimi futbol ictimaiyyətini təəccübləndirdi. "Yuventus"un akademiyasında futbola başlayan 17 yaşlı Lui Tomas hazırda İtaliyada "Pisa"nın akademiyasında çıxış edir. Lui Tomas, İtaliya ilə əfsanələşən atasının əksinə olaraq, anasının vətəni olan Çexiyanı seçdiyini açıqlayıb. Lui Tomas Çexiyanın aşağı yaş qrupları üzrə milli komandalarından dəvət alıb.
Lukakular da fərqli komandadadır
Belçikanın ulduz hücumçusu Romelu Lukaku atasının yolunu davam etdirməyənlərdən biridir.
Konqo Demokratik Respublikasından olan, lakin Belçikada doğulan Lukaku, Belçika Milli Komandasının ən önəmli ulduzlarından biri kimi tanınır.
Lukakunun atası Rocer Lukaku isə futbolçu karyerasında o dövrdəki adı ilə Zairə yığmasında çıxış etmişdi.
Carragherlər də ayrı milli komandadadır
"Liverpul" əfsanəsi, sabiq futbolçu Ceymi Carragherin oğlu da atasının milli komanda yolunu izləməyənlərdəndir.
2013-cü ildə 15 mövsüm oynadığı "Liverpul"da futbolçu karyerasını başa vuran Carragher uzun illər İngiltərə millisində də forma geyinmişdi. Ceymi Carragherin 22 yaşlı oğlu Ceyms Carragher isə seçimini Maltadan yana edib.
Hazırda İngiltərənin "Vigan Atletik" klubunda çıxış edən Ceyms, babalarından gələn Malta və İrlandiya köklərinə görə milli komanda olaraq Maltanı seçib.
Kiçik qardaş atasının izində, böyük qardaş İspaniya yığmasında
Futbol dünyasında ən çox müzakirə olunan milli komanda seçimlərindən birini edən ailələrdən biri də Alkantaralardır.
1994-cü ildə Dünya Kubokunu qazanan Braziliya millisinin heyətində yer alan Mazinyo Alkantarının oğulları da ataları kimi adlarından söz etdirdilər.
Oğullardan Rafinya atası kimi Braziliyanı seçdi. "Barselona" akademiyasında yetişən və "Bavariya" ilə "Liverpul"da da forma geyinən Tiqo Alkantara isə İspaniya Milli Komandasını seçərək atası və qardaşından fərqli bir yol tutdu.
Sanenin seçimi Avropa oldu
Alman futbolunun önəmli adlarından biri olan Leroy Sane də atasının yolunu izləməyənlərdən biridir.
Almaniyada futbolçu karyerasına başlayan ata Suleyman Sane, kökləri olan Seneqalı seçdi və bu Afrika ölkəsinin milli formasını geyindi.
"Şalke 04"də adını tanıdan, daha sonra "Mançester Siti" və "Bavariya" forması geyinən Leroy Sane isə Almaniya millisindən gələn təklifi qəbul etdi.
Əfsanə Weahın oğlu ABŞ üçün oynayır
Futbol tarixinin ən böyük ulduzlarından biri olan Corc Weah da oğlu ilə fərqli milli formalarda çıxış edib.
Karyerasında "Qızıl top" da daxil olmaqla bir çox uğura imza atan Weah, doğulduğu ölkə Liberiyanın milli komandasında oynayıb.
ABŞ-nin Nyu-York şəhərində dünyaya gələn və hazırda "Yuventus"da çıxış edən Timoti Weah isə ABŞ milli komandasında forma geyinir.
Biri Gürcüstanda, digəri Azərbaycanda
Ata-oğul olaraq fərqli milli komandaları seçən başqa bir ailə isə Kvaratsxeliya ailəsidir.
Hazırda PSJ-də karyerasını davam etdirən Xviça Kvaratsxeliya Gürcüstan Milli Komandasının şərəfini qoruyur. Onun atası Badri Kvaratsxeliya isə futbolçu karyerası dövründə Azərbaycan Milli Komandasında çıxış etmişdi.