Pambıq istehsalçılarına məhsulun qəbulu haqqında qəbz elektron formada veriləcək
Pambığın təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılacaq.
Operativ Media xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Pambıqçılıq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, qanun layihəsi pambığın alqı-satqısının sənədləşdirilməsi qaydasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci (elektron qaimə-fakturaları) və 71-2-ci maddələrinin (malların alış aktı) tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb. Belə ki, qanun layihəsinə əsasən pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan “pambıq qəbulu sənədi”nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.
Pambıq qəbulu qəbzi - üzərinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən alınan xüsusi seriyaların həkk edildiyi ciddi hesabat blankı olub pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunun 11.3 və 14-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”na əsasən pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunmuş forma və rekvizitlərə uyğun ciddi hesabat blankı olan kağız daşıyıcılarda pambıq qəbulu qəbzi ilə sənədləşdirilir.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasıQaydası”nın 3.14-cü bəndinə əsasən məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər.